Aprelin 6-da “Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı ilə “Erisioni” Gürcüstan dövlət akademik mahnı və rəqs ansamblı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində çıxış edəcəkdir.
“Buta” İncəsənət Mərkəzindən bildirilmişdir ki, əsası 1885-ci ildə qoyulmuş “Erisioni” ansamblını “folklor muzeyi” adlandırırlar. “Erisioni”nin kollektivi 2005-ci ildə özünün 120 illik yubileyini qeyd etmişdir. Bu gün onun tərkibində müxtəlif nəsillərdən olan yüzə yaxın artist çalışır.
Qərb prodüserləri – amerikalı Cim Lou və fransız Paskal Jordan 1999-cu ildə gürcü ansamblı ilə maraqlanmış və nadir şounun yaradılmasına böyük vəsaitlər yatırmışlar. Prodüserlər öz seçimlərini əbəs yerə bu ansamblın üzərində saxlamamışlar. Çünki gürcü polifonik melodiyaları “Erisioni”nin ifasında hətta Gürcüstan kimi “oxuyan” bir ölkədə nümunə sayılır. Bu gün “Erisioni” özünün rəqs tamaşası ilə də öyünə bilər. Bu tamaşa “etno-şou”nun “River Dance” və “Lord of the Dance” kimi ulduzlarından heç də geridə qalmır.
Ansamblın dünyada minlərlə pərəstişkarı vardır. “Erisioni”nin Avropada və ABŞ-da verdiyi konsertlərdə yüz minlərlə insan iştirak etmiş, bilet kassalarında isə bircə dənə də olsun bilet qalmamışdır. Qərb mətbuatı “Erisioni”nin yaradıcılığını şedevr adlandırmışdır. Ansamblın dağlı qızı haqqında olan “Shatilis Asulo” mahnısının yer aldığı, reklam çarxı kimi çəkilmiş videoklip nümayiş hüququ ilə satın alınmış və uzun müddət ərzində gündə bir neçə dəfə Fransanın dövlət telekanalında efirə gedərək Avropa çartlarının zirvəsinə çıxmışdır.
AzərTAc