UEFA yeni turnirin formatını təsdiqlədi
5.12.2014

UEFA İcraiyyə Komitəsi Nyon şəhərində baş tutmuş işgüzar toplantıda Millətlər Liqasının formatı və şablon təqvimini təsdiqləyib.

2018-ci ildən start götürəcək yeni turnir yoldaşlıq oyunlarını əvəzləyəcək.

Millətlər Liqasında müəyyən hesabat ilində qalib gələn komanda milli yığmaların reytinq cədvəlində irəliləmək şansı əldə edəcək.

Turnirdə 4 divizionun olması planlaşdırılır. Hər divizionda 4 qrup müəyyənləşdiriləcək. Bu qruplarda ilk yeri tutan komandalar reytinqini artırmaqla bir pillə üst diviziona yüksələcək.
Qrupda son yeri tutan komandalar isə bir divizion enəcək. 2019-cu ilin iyununda yüksək divizionun qruplarında birinci olan 4 kollektiv pley-off sistemi ilə aralarında oyunlar keçirəcək. Bununla da, UEFA Millətlər Liqasının qalibi müəyyənləşəcək.

Avropa çempionatının təsnifat mərhələsində milli komandaların səbətlərə bölünməsi onların Millətlər Liqasındakı durumuna əsasən aparılacaq. Yeni turnir millilərə Avropa və dünya çempionatına vəsiqə qazanmaq üçün alternativ yol kimi də xidmət göstərəcək.

Gün.Az