Azərbaycanda daha bir idman növü üzrə yarış keçiriləcək.
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi və “Əlil İdmançılara Dəstək” İctimai Birliyi “SENİ” firmasının maddi dəstəyi ilə 6 dekabr 2014-cü il tarixində Azərbaycanda yeni yaranmış BOCCİA idman növü üzrə ilk dəfə “SENİ CUP” turniri keçiriləcək.
Turnirdə Gənclər və İdman Nazirliyinin, Azərbaycan Milli Paralimpiya Komitəsinin və bir sıra dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə yanaşı, Beynəlxalq Paralimpiya Komitəsinin vitse-prezidenti, Braziliya Milli Paralimpiya Komitəsinin prezidenti, 2016 Rio-de-Janeyro Olimpiya və Paralimpiya Oyunları Təşkilat Komitəsinin İnteqrasiya üzrə komitə sədri Endrü Parsons iştirak edəcək.
Məlumat üçün bildirək ki, ilk dəfə “SENİ CUP” turniri 21 il əvvəl Polşada təşkil olunub və bu illər ərzində populyarlıq qazanaraq onlarla ölkədə keçirilir. Turnirin keçirilməsində əsas məqsəd əlilliyi olan insanların cəmiyyətdə bərabərhüquqlu vətəndaş olduqlarını hiss etdirməkdir. Azərbaycanda “SENİ CUP” turniri “BOCCİA” idman növü ilə start alır.
BOCCİA idman növü Milli Paralimpiya Komitəsi və “Əlil İdmançılara Dəstək” İctimai Birliyinin təşəbbüsü ilə artıq 8 aydır ki Azərbaycanda təbliğ olunur və bu müddət ərzində respublikada 4 təlim mərkəzi qurulub. BOCCİA idman növü 1984-cü ildən paralimpiya oyunlarına daxil edilib və 20 il ərzində, populyarlıq qazanaraq 50 ölkədə tətbiq olunur və surətlə inkişaf edir. BOCCİA idman növündə bütün ağır kateqoriyalı (uşaq serebral paraliçi, əzələ distrofiyası, beyin travması, dayaq-hərəkət aparatının pozulması) əlilliyi olan insanlar məşğul ola bilərlər.
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi yaxın günlərdə Beynəlxalq Bocciya Federasiyasına üzv olub və 2015-ci ildən etibarən idmançılarımız Boccia idman növü üzrə beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
“SENİ CUP” turnirində BC1/BC2 və BC4 kateqoriyalarında Bakı, Şəki və Ağsu şəhərlərindən ümumilikdə 22 idmançı iştirak edəcək. Bunlardan 3 idmançı beynəlxalq təcrübədə ilk dəfə Azərbaycanda yaradılmış Uşaq Paralimpiya Komitəsinin idmançıları olacaq.
ABU Arena idman kompleksində keçiriləcək turnirin açılış mərasimi 13:00-da olacaq.
Gün.Az