Yerli şou-biznes nümayəndələri bir araya gəldi
9.12.2014

Bəstəkar İmruzə Hüseynovanın 60 illik yubileyi ilə əlaqədar Heydər Əliyev Sarayında “Darıxmışam sənin üçün” adlı konsert proqramı keçirilib.

Konsert proqramında xalq artisti Flora Kərimova, əməkdar artistlər Almaz Ələsgərova, Tünzalə Ağayeva, Abbas Bağırov, Lalə Məmmədova, müğənnilər Samir Piriyev, Rəşad İlyasov, Aygün Mahmudova, Murad Sadıx, Cəlal Abbasov, Mirkamil Kamilov, Vaqif Şıxəliyev, Elnar Haşımov və başqaları çıxış ediblər.

Gecənin aparıcıları Murad Dadaşov və İlahə Şıxlinskaya olub. Gecə bəstəkarın sevilən mahnıları ilə bərabər, sənətçilər və qonaqların tədbirə xüsusi sevgisilə fərqlənib. Gecədə Flora Kərimova və Tünzalə Ağayevanın akapella ifaları, Almaz Ələsgərovanın sürpriz vals rəqsi, Rəşad İlyasovun kanonda müşayiətlə ifası xüsusi diqqət çəkib. Eləcə də konsertdə İmruzə Hüseynovanın bəstələdiyi instrumental əsərlər və rəqs nömrələri nümayiş olunub.

Qeyd edək ki, bəstəkarın bundan əvvəlki illərdə Rəşid Behbudov adına Mahnı Teatrı və Filarmoniyada uğurla yaradıcılıq konsertləri baş tutub. İmruzə Hüseynova bəstəkarlıqla yanaşı, Memarlar İttifaqı və Rəssamlar İttifaqının üzvüdür.

Gün.Az