Rusiyada yaşayan tanınmış azərbaycanlı bəstəkar-müğənni və iş adamı Emin Ağalarovun APA-nın Moskva müxbirinə müsahibəsi:
- Bir müddət əvvəl Londonda təqdimatı keçirilən “After the Thunder” albomu haqqında nə deyə bilərsiniz?
- Fikrimcə, albom çox maraqlı alınıb. Bu günə kimi çıxan albomların
içində sayca altıncıdır və digərlərindən çox fərqlənir. Bu günə kimi
belə albomum olmayıb. Albomda 12 mahnı yer alıb, onlardan 11-nin
müəllifi özüməm. Bu albomdakı mahnılar dinamik və ritmikdir. Düşünürəm
ki, bu albom hələ ən yaxşısıdır, nə zaman təzə albomum çıxar, onda
fikrimi dəyişə bilərəm.
- Bakıda baş tutacaq “Eurovision 2012”də qonaq qismində iştirak
edəcəksiniz. Sizin üçün belə bir müsabiqədə qonaq qismində iştirak etmək
nə deməkdir?
- Mənə bu təklif gələndə böyük sevinc və məmnuniyyətlə qəbul etdim.
Əslində bu müsabiqədə qonaq qismində iştirak etsəm də, bu, çox böyük bir
məsuliyyət tələb edir. Məhz ona görə ki, sən öz Vətənində sanki ölkə
təmsilçisi kimi səhnəyə çıxırsan. Sözsüz ki, çıxışımı möhtəşəm etmək
vacibdir və çalışacağam ki, milli koloritimizi məhz bu çıxışımda bütün
Avropaya tərənnüm edim. Çıxışımda həm də müasirliyi qoruyub saxlaya
bilmək vacibdir.
- Müsabiqədə Rusiyanı təmsil edəcək “Buranovskiye babuşki” qrupuna azarkeşlik edəcəksinizmi?
- Azarkeşlik edə bilərəm, ancaq Səbinə Babayevadan sonra...
“Buranovskiye babuşki” nin Bakıya səfərlərində biz də iştirak edəcəyik.
Bildiyiniz kimi 8 nəfərdən ibarət olan qrupda 72-76 yaşlı nənələr təmsil
olunur. Onları səfər zamanı həkimlərdən ibarət qrup müşayiət edəcək.
Deyərdim ki, Böyük Britaniya təmsilçisindən sonra yaş baxımından
“Buranovskiye babuşki” hamını geridə qoydu. Böyük Britaniya təmsilçisi
Engelbert Hundeldinki ən yaşlı təmsilçi hesab etsələr də, Rusiya
təmsilçisi bütün rekordları aşdı. Azərbaycanın seçiminə gəldikdə isə,
xalqımız çox düzgün seçim etdi. Bu il gözəl, istedadlı və musiqi duyumlu
bir təmsilçimiz oldu. İnanıram ki, Səbinənin şansları çox böyükdür.
- Bu il “Eurovision 2012”də Böyük Britaniya təmsilçisi Engelbert
Hundeldinkə uşaqlıqdan pərəstiş etdiyinizi demisiniz. Hətta bu
yaxınlarda onunla görüşmək imkanınız da olub...
- Bu yaxınlarda Engelbert Hundeldinkin “Crocus City Hall”un Müslüm
Maqomayev zalında konserti keçirildi. Konsertdən sonra onunla görüşümüz
oldu. O, öz həyat tarixçəsini danışanda mən bir musiqiçi və fanat olaraq
dəhşətə gəlirdim. O, Elvis Presli ilə olan dostluğundan və onunla
birlikdə balıq ovuna getməsindən danışırdı. Elvis Presli artıq 30 ildən
çoxdur ki, həyatda yoxudur. Onu demək istəyirəm ki, belə maraqlı adamla
söhbət etməyə çoxlu mövzu vardı. Ümumiyyətlə deyərdim ki, Böyük
Britaniya təmsilçisi çox istedadlı adamdır. Londonun “BBC” radiosu əbəs
yerə onu təmsilçi qismində seçməyib. Onu tanıyırlar, sevirlər və onun bu
ilki təmsilçiliyi çox böyük rezonansa səbəb olub.
- Prodüseriniz tərəfindən namizədliyiniz “Grammy” mükafatına irəli sürülmüşdü...
- Əslində bu tam belə deyildi. Məsələ ondadır ki, məşhur amerikalı
kinorejissor David Linç hər il 30 musiqi parçasından ibarət yığma
hazırlayır. Mənim mahnılarımdan biri sehrli təsadüf nəticəsində bu
yığmanın içinə düşüb. Mənə mahnının müəllifliyini ona verməyimlə bağlı
təklif gəldi və mən də bunu məmnuniyyətlə etdim. Bundan bir müddət sonra
David Linç tərəfindən daha bir təklif gəldi ki, mən bir gənc müğənni
kimi öz namizədliyimi “Grammy” mükafatına irəli sürüm. Sözsüz ki, mən
buna çox sevindim. Bir müddət sonra bizə namizədliyimiz barədə rəsmi
təsdiq məktubu gəldi. Düzdür, bizə bu mükafatı verməsələr də, çox
sevindirici haldır ki, mənim namizədliyim ilk dəfə bu mükafata təqdim
olunub.
- Azərbaycan keçmiş SSRİ estrada səhnəsinə Rəşid Behbudov, Müslum
Maqomayev, Polad Bülbüloğlu kimi musiqiçilər bəxş edib. Gələcəkdə
özünüzü bu musiqiçilər sırasında görürsünüzmü?
- Mən öz subyektiv fikrimi deyərdim. Azərbaycanın Rusiya və keçmiş
SSRİ-yə bu istedadlardan ibarət hədiyyəsini iki hissəyə bölərdim. Müslüm
Maqomayev və digərləri... Müslüm Maqomayev həyatdan köçəndə hazırda
onun abidəsi olan yerdə belə bir yazı var idi: “Azərbaycan, Müslümə görə
çox sağ ol!” Bu böyük sevincdir ki, Rusiya xalqı Azərbaycan musiqi
nəhənginə belə bir qiymət verir. Müslüm Maqomayevi heç kəslə müqayisə
etmək olmaz. O ki qaldı özümə, mən çox gəncəm və mənim belə bir iddiam
yoxdur. Əgər gələcəkdə Müslüm Maqomayevin etdiklərinin lap kiçik bir
qismini edə bilsəm və bunu xatırlasalar, çox şad olaram. Bu barədə
danışmaq hələ çox tezdir.
- Yeni albomunuzun gələcəkdə harada təqdimatı gözlənilir?
- İlk təqdimat Londonda keçirildi. Bu gün isə Moskvada təqdimat
keçirilir. Düşünürəm ki, “Eurovison-2012” öncəsi Bakıda da təqdimat
keçirmək olar. Lakin bu hələlik plan olaraq qalır. Bundan başqa
yay-payız aylarında Avstriya, İtaliya, Almaniyada da diskin təqdimatının
keçirilməsi nəzərdə tutulub.
- Gələcəkdə siyasətlə məşğul olmaq istəyiniz var?
- Yox. Qətiyyən yox. Mən iş adamıyam, musiqiçiyəm, siyasətlə məşğul olmağa heç bir iddiam yoxdur.