Bakıda «Elektron hökumət» layihələrində Coğrafi informasiya sistemlərinin tətbiqi» mövzusunda seminar keçirilir
6.4.2012

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşəbbüsü və «İntegris» şirkətinin təşkilati dəstəyi ilə Bakıda «Elektron hökumət» layihələrində Coğrafi informasiya sistemlərinin (GİS) tətbiqi» mövzusunda seminar keçirilir.

«APA-ECONOMICS»in məlumatına görə, 20-dən çox dövlət qurumunun, universitet və elm-tədqiqat institutlarının nümayəndələrinin iştirakı ilə aparılan müzakirələrdə Türkiyə, Rusiya və digər ölkələrdən dəvət olunmuş mütəxəssislər müxtəlif sahələr üzrə coğrafi informasiya sistemlərinin tətbiqi və bu sahədə mövcud təcrübənin işıqlandırılması ilə bağlı müvafiq təqdimatlarla çıxış edir.

Seminarda Rabitə və İnformasiya Texnologiyaları, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Nəqliyyat, Mədəniyyət və Turizm, Daxili İşlər, Səhiyyə, Kənd Təsərrüfatı nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə, Dövlət Şəhərsalma və Arxitektura, Dövlət Gömrük, Əmlak Məsələləri Dövlət komitələri (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşma Mərkəzi), Dövlət Neft Şirkəti, «Azərsu» ASC, «Azəriqaz» İB, «Azərenerji» SC, «Meliorasiya və Su Təsərrüfatı» ASC, «İçərişəhər» Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi, Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu, Bakı Dövlət və Azərbaycan Memarlıq və İnşaat universitetlərinin nümayəndələri iştirak edir.

Qeyd edək ki, GİS yer səthinin hər hansı bir hissəsinə aid informasiyanı emal etmək üçün alət kimi başa düşülür. GİS məkan məlumatlarının idarə edilməsini, təhlilini və təsvirini təmin edir. Müxtəlif tipli coğrafi məsələlərin həlli məqsədi ilə GİS çoxlu sayda əlatlər panelinə malikdir. Hazırda GİS ətraf mühitin tədqiqində və kartoqrafiyada deyil, xalq təsərrüfatının əksər sahələrində (yolların çəkilməsi, fövqəladə hallarda, hərbidə, səhiyyədə, rabitədə, statistikada, ticarətdə, şəhərsalmada, kadastr məsələlərində, turizmdə, ekologiyada və s.) istifadə edilir.

APA