Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 11 il
keçir. Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda
ümummilli lider Heydər Əliyevin anım mərasimləri təşkil olunur.
Dövlət
qurumları, siyasi partiyalar, qeyri-hökumət təşkilatları, media
orqanları və ictimaiyyətin nümayəndələri bu günlərdə Heydər Əliyevin
Fəxri xiyabandakı məzarını ziyarət edirlər.
Azərbaycanın xarici
ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları da Heydər Əliyevin
vəfatının 11-ci ildönümü ilə əlaqədar anım mərasimləri təşkil edirlər.
Qeyd
edək ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda
anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan
Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında
Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri
vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin
illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə
Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan
SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda
Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist
Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və
SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin
oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi
Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz
əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev
1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı
faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində
bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin
təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq
Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ
rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin
iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl
Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali
Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti
sədrinin müavini olub.
Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan
Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında
partiyanın sədri seçilib. 1993-cü il iyunun 15-də Azərbaycan Ali
Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı
ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata
keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi
nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.
O, 1998-ci il oktyabrın 10-da keçirilən növbəti prezident seçkilərində
yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il
oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli
sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış
problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.
Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.
APA