Moskvada məşhur futbol hakimi Tofiq Bəhramovun xatirəsinə həsr olunmuş mini-futbol turniri keçirilib - FOTOLAR
15.12.2014

Rusiya paytaxtında dünyanın tanınmış futbol hakimi Tofiq Bəhramovun xatirəsinə həsr olunmuş futzal turniri keçirilib.

Paytaxtın “Dinamo” idman sarayında keçirilən turnir Moskva meriyasının dinlərarası əməkdaşlıq, milli siyasət və dini təşkilatlarla əlaqələr Departamenti və Rusiya Azərbaycan Gənclər Birliyinin təşkilatçılığı, Azərbaycanın Rusiyadakı səfirliyi, Azərbaycanın Diasporla iş üzrə Dövlət Komitəsi və Ümumrusiya Azərbaycan Konqresinin dəstəyi ilə keçirilib.

Artıq ikinci ildir ki keçirilən futzal turnirində 14 komanda iştirak edib. Onlar arasında “MQİMO” (Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti), “AMOR” (Rusiya Azərbaycanlı Gənclər Birliyi), “Qarabağ”, Azərbaycanın Rusiyadakı səfirliyinin komandası və Ümumrusiya Azərbaycan Konqresinin komandası, Slovakiya səfirliyinin və Moskva Dövlət Humanitar İqtisad Universitetinin komandaları olublar.

Turniri izləməyə gələnlər arasında Moskvada yaşayan azərbaycanlı veteran futbolçular, AFFA-nın nümayəndələri, əfsanəvi hakim Tofiq Bəhramovun nəvəsi Tofiq Bəhramov da olub.

Final oyunu Azərbaycanın Rusiyadakı səfirliyinin komandası ilə Moskva Dövlət Humanitar İqtisad Universitetinin (MDHİU) komandası arasında baş tutub. Gərgin keçən görüş 5:5 hesabı ilə nəticələndiyindən, qaliblər penaltilərlə müəyyənləşib. Penaltilərdə güclü tərəf MDHİU komandası olub. Onlar Azərbaycanın Rusiyadakı səfirliyinə 6:5 hesabı ilə qalib gəliblər.

Üçüncü yer uğrunda gedən görüşdə isə "Qarabağ" komandası ilə Moskvanın Bədən tərbiyəsi və idman Mərkəzi Komandası görüşüblər. Görüş 0:4 hesabı ilə Bədən tərbiyəsi və idman Mərkəzi Komandasının xeyrinə nəticələnib.

Turnirin bağlanış mərasimində çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu keçirilən turnirin əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, Rusiya paytaxtında əfsanəvi azərbaycanlı futbol hakimi Tofiq Bəhramovun xatirəsinə həsr olunmuş turnirin keçirilməsi iki ölkənin idman cəmiyyəti üçün çox əlamətdar hadisədir: "Bu gün bu meydanda rəqabət deyil, bayram abu-havası vardı. Yarışı izləməyə gələnlərin sayının da çox olması turnirə olan marağın göstəricisidir".

Moskva meriyasının nümayəndəsi, regionlararası əməkdaşlıq departamentinin rəhbəri Yuri Artyux turnirdə iştirak edən komandaları təbrik edərək bildirib ki, bu turnir iki xalq arasında əlaqələrin dostcasına olduğunu göstərir. Meriya nümayəndəsi turnirin keçirilməsindəki təşkilatçılığa və dəstəyə görə Rusiya Azərbaycan Gənclər Təşkilatına, Ümumrusiya Azərbaycan Konqresinin Moskva vilayəti üzrə bölməsinə təşəkkürünü bildirib.

Rusiya Futbol İttifaqının prezidenti Nikolay Tolstıx isə çıxışında bu gün əsl futbol bayramının şahidi olduğunu söyləyib: "Bu gün təkcə əsl futbol bayramı deyil, həm də millətlərarası dostluq və dəstəyi gördüm". Nikolay Tolstıx turnirin qalibini, iştirakçılarını və təşkilatçılarını Rusiya Futbol İttifaqı adından təbrik edib.

Rusiya mini-futbol assosiasiyasının prezidenti Emil Əliyev isə çıxışında Tofiq Bəhramov adına turnirin keçirilməsinə töhvə verdiklərinə görə fəxr etdiklərini bildirib: "Bu gün "Dinamo" idman sarayında həqiqətən də böyük və əsrarəngiz tədbir keçirildi, hansı ki, buna ənənəvi turnir demək olar".

Daha sonra turnirin qalibi olan Moskva Dövlət Humanitar İqtisad Universitetinin komandasının futbolçularına “Tofiq Bəhramov kuboku” təqdim olunub.

Sonda Azərbaycan və Rusiya estrada nümayəndələrinin iştirakı ilə konsert proqramı təşkil olunub.



APA