Paytaxt sakinləri arasında sağlam həyat tərzinə dair aparılmış sorğunun nəticələri açıqlanıb
16.12.2014

Səhiyyə Nazirliyi, “Ümid” İctimai Birliyi və “Coca-Cola”nın “Sağlam ol!” birgə araşdırma layihəsi çərçivəsində Bakı əhalisi arasında sağlam həyat tərzinə dair keçirilən sosioloji sorğunun nəticələri açıqlanıb.

Bununla əlaqədar dekabrın 16-da Bakıda keçirilən tədbirdə layihə haqqında məlumat verilib. Bildirilib ki, layihənin məqsədi əhalinin sağlam həyat tərzinə qarşı münasibətini müəyyən etmək üçün sosial araşdırma keçirmək olub. Sorğu 1000 nəfəri əhatə edib.

Araşdırmanın nəticələrinə görə, sorğu iştirakçılarının 83 faizi güclü fiziki fəaliyyətlə, 70 faizi isə orta səviyyəli fiziki aktivliklə belə məşğul olmur. Respondentlərin 16 faizi pəhriz saxlayır. Sorğu onu da müəyyən edib ki, respondentlərin 96 faizi piyada gəzintiyə hər gün orta hesabla 10 dəqiqə ayırır. Sorğu iştirakçılarının yarısı həkimə yalnız ciddi sağlamlıq problemləri olanda gedirlər. Sorğu, həmçinin nəqliyyatdan istifadəni və sağlam qidalanmanı da müəyyən edib.

http://azertag.az