Bu gün məşhur pianoçu, Azərbaycan cazının əfsanəsi Vaqif Mustafazadənin dünyasını dəyişdiyi gündən 35 il keçir.
Caz-muğam üslubunun banilərindən biri olan Vaqif Mustafazadə zaman anlayışına sığışmayan bir insan olub.
O, gözəl pianoçu olmaqla yanaşı, həm də çoxsaylı caz əsərləri yaratmış istedadlı bir bəstəkar kimi yaddaşlarda qalıb.
Vaqif Mustafazadə 1940-cı il martın 16-da Bakı şəhərində, qədim tarixə malik İçərişəhərdə dünyaya göz açıb. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Dövlət Musiqi Məktəbini bitirib.
1964-cü ildən “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və “Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik edib.
Fortepiano və simfonik orkestr üçün konsertin, “Muğam” simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir.
V.Mustafazadə 1965-ci ildə Gürcüstan Dövlət Filarmoniyasında “Qafqaz” adlı trio, 1970-ci ildə “Leyli” vokal kvartetini yaradır. 1971-ci ildən 1977-ci ilə kimi “Sevil" vokal-instrumental qrupuna başçılıq edir. 1977-ci ildən 1979-cu ilə kimi “Muğam” instrumental qrupuna başçılıq edərək “Tallinn-66” və “Tbilisi-78” caz festivallarının laureatı olub.
1978-ci ildə Monakoda keçirilən 8-ci Beynəlxalq caz festivalında “Əzizəni gözləyirəm” musiqisinə görə birincilik mükafatı alıb.
1979-cu ildə Azərbaycanın Əməkdar incəsənət xadimi adına, 1982-ci ildə ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülüb. O, forte-piano konsertlərinin, “Muğam” simfoniyası və başqa forte-piano şedevrlərinin müəllifidir.
1977-ci ildə V.Mustafazadə “Muğam” caz qrupunu yaradır. Ansamblın belə adlanması heç də təsadüfi olmayıb. Vaqif caz və muğamın incə sintezini - ilk baxışda bir-birinə tam əks olan Şərq və Qərb aləmlərini birləşdirən musiqini çoxsaylı sənətsevərlərin yaddaşında əbədi həkk etdi.
Vaqif Mustafazadə 16 dekabr 1979-cu ildə Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib. Nəşi Bakıya gətirilərək Vətənində dəfn olunub.
Video
gun.az