“Eurovision” Mahnı Müsabiqəsinin Məşvərət Qrupunun Bakıda ilk iclası keçirilib
2.9.2011

Avqustun 31-i və sentyabrın 1-də “Eurovision” Mahnı Müsabiqəsinin Məşvərət Qrupunun Bakıda ilk iclası olub. Toplantıda İctimai Televiziya Məşvərət Qrupunun üzvlərini gələn ilin may ayında keçiriləcək 57-ci “Eurovision” Mahnı Müsabiqəsinin hazırlıq prosesi ilə bağlı məlumatlandırıb. Həmçinin “Eurovision Mahnı Müsabiqəsi-2012” ilə əlaqədar indiyədək görülən işlər, təşkilati məsələlər müzakirə edilib. “Eurovision” Mahnı Müsabiqəsinin təşkili ilə əlaqədar İctimai Teleradionun təklifini qəbul edən Heydər Əliyev Fondunun fəaliyyəti haqqında Məşvərət Qrupuna məlumat verilib.
Məşvərət Qrupunun rəhbəri Frank-Dieter Freiling Azərbaycanda ilk dəfə 5 il əvvəl olduğunu xatırladıb və ötən dövrdə ölkədə müsbətə doğru bir çox addımlar atıldığını, paytaxt Bakının çox dəyişdiyini diqqətə çatdirib.
“Eurovision TV”nin direktoru Yorqan Frank EBU ilə İctimai Televiziya arasında ikitərəfli əməkdaşlıqdan məmnun olduqlarını və bu əməkdaşlığın “Eurovision” Mahnı Müsabiqəsi ilə bitməyəcəyini deyib: "Əminəm ki, biz növbəti il Azərbaycanda möhtəsəm şounun şahidi olacağıq".
Məsvərət Qrupunun üzvləri İctimai Televiziyada şirkətin texniki imkanları tanış olublar. Qonaqlar yaradıcı heyətlə görüşdə “Eurovision” Mahnı Müsabiqəsi ilə bağlı fikirlərini bölüşüblər.
Xatırladaq ki, “Eurovision Mahnı Müsabiqəsi-2012”nin yarımfinal mərhələləri mayın 22-24-də, final mərhələsi isə mayın 26-da Bakıda keçiriləcək.