Azərbaycan prezidenti İlham Əliyev dekabrın 16-da Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Sabirabad şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Sabirabad Rayon İcra Hakimiyyətinə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılıb.
Bundan başqa dövlət başçısı Sabirabad rayonunun Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən 20 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisi məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Sabirabad Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb.
APA