Azərbaycanlı bəstəkarın “Grammy” mükafatına “Klassik musiqi” nominasiyasında namizədliyi irəli sürülüb
17.12.2014

Beynəlxalq “Grammy” mükafatına “Klassik musiqi” nominasiyasında namizədlərin adları açıqlanıb.

Azərbaycan musiqi ictimaiyyəti üçün çox əlamətdar hadisədir ki, üç namizəddən biri dünya şöhrətli bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadədir.

Beynəlxalq “Grammy” mükafatı musiqi sahəsində dünyanın ən məşhur mükafatı sayılır və “Oskar”ın musiqi variantı hesab edilir.

Bəstəkarlar İttifaqından bildirilib ki, Azərbaycan bəstəkarlıq məktəbi tarixində ilk dəfədir ki, bəstəkarımız belə məşhur mükafata namizəd göstərilir.

Bu xəbərə münasibət bildirən Firəngiz Əlizadə deyib: “Mən bu şad xəbəri “Hans Sikorski” yayım evinin xəbər lentindən əldə etdim. Orada üç bəstəkarın adı qeyd edilib. Bunlardan biri müasir musiqi sahəsində böyük müvəffəqiyyətlər əldə etmiş ən məhsuldar bəstəkarlardan olan amerikalı Lera Auerbaxdır. Digər bəstəkar Meçislav Vaynberq yaşlı nəslin nümayəndəsidir və onun “Anna Frankın gündəliyi” operası dünyanın bir çox ölkəsində səhnəyə qoyulub.

Fəxrlə deyə bilərəm ki, bu üç namizəddən biri olmaq mənim üçün böyük uğurdur. Bu mükafatı almağa nə qədər şansımın olduğunu deyə bilmərəm, lakin 2015-ci il fevralın 8-də keçiriləcək təqdimat mərasiminə artıq dəvət almışam. Mənim üçün əlamətdar məqam odur ki, bu ali mükafata məşhur amerikalı skripkaçı, meqa-star Hillari Hanın “Deutsche Grammofon”da işıq üzü görən, musiqilərimdən ibarət alboma görə namizəd göstərilmişəm ”.

AzərTAc