Dekabrın 18-də SSRİ xalq artisti, dünya şöhrətli müğənni Müslüm Maqomayevin adını daşıyan gəminin istismara verilməsi mərasimi olub.
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Müslüm Maqomayevin həyat yoldaşı, SSRİ xalq artisti Tamara Sinyavskaya mərasimdə iştirak ediblər.
Gəminin istismara verilməsini bildirən rəmzi lenti Tamara Sinyavskaya kəsdi. Sonra Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısı səsləndirildi.
Gəminin kapitanı Prezident İlham Əliyevə raport verdi. Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, gəminin yüksək keyfiyyətli alüminium gövdəsi, eləcə də son texnologiyalar əsasında istehsal olunan güc və hərəkət mexanizmləri onun dənizdə idarəolunma qabiliyyətinin yüksək standartlara cavab verməsinə zəmin yaradıb. Beləliklə, Azərbaycan dənizçilərinin səyi və məharəti nəticəsində gəmi uzun yol qət edərək dekabrın 4-də Bakı limanına yan alıb. Əməliyyat təyinatına gəlincə, “Müslüm Maqomayev” gəmisi dənizdə çalışan neftçilərin sərəncamına verilərək, 150 nəfərədək xüsusi dəniz-mədən heyətinin Xəzərdəki neft-qaz platformalarına çatdırılması işlərini yerinə yetirəcək. Hava şəraitindən asılı olaraq (küləyin sürəti saniyədə 17 metr, dalğanın hündürlüyü 4 metrədək olduqda) gəmi saatda 38 dəniz milinədək sürətlə hərəkət edə bilir.
Daha sonra Prezident İlham Əliyev “Lənkəran” yedək-təchizat gəmisində yaradılan şəraitlə tanış oldu. Prezident İlham Əliyev Qara dənizdə Azərbaycan bayrağı altında üzən gəminin kapitanı ilə videobağlantı vasitəsilə söhbət etdi.
Məlumat verildi ki, “Lənkəran” gəmisinin uzunluğu 74,5, eni isə 17,2 metrdir. Texniki göstəricilərinə görə Xəzərdə birinci olan, 16320 at gücündəki bu yeni yedək-təchizat gəmisinin dartma qüvvəsi 207 tondur. “Lənkəran” gəmisinin geniş texniki üstünlükləri onun Xəzərdə bir çox layihələr, o cümlədən “Şahdəniz-2”, “Şəfəq-Asiman”, “Abşeron Faza-1” layihələri çərçivəsində nəzərdə tutulan işlərə cəlb olunmasına da imkan verir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tərkibinə nəqliyyat və neft donanmaları daxildir. Nəqliyyat donanmasının tərkibində 97 gəmi var. İxtisaslaşdırılmış neft donanması isə 188 gəmidən ibarətdir. 2003-2014-cü illərdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” üçün 23 yeni gəmi, o cümlədən 11 tanker, 6 bərə, 2 quru yük gəmisi, 4 yedək və yedək-təchizat gəmisi alınıb. Həmçinin bu ilin aprelində Bakı gəmiqayırma zavodu ilə bağlanan müqaviləyə əsasən 3 sərnişin gəmisinin tikintisinə başlanılıb. Hər biri 80 nəfər sərnişin tutumuna malik olacaq bu gəmilər dəniz neftçilərinin daha təhlükəsiz və rahat şəraitdə iş yerlərinə çatdırılmasında mühüm rol oynayacaq.
AzərTAc