Qarların əriməsi nəticəsində respublikanın bəzi dağ çaylarında suyun səviyyəsi artıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib. Onun sözlərinə görə, hazırda ölkədə müşahidə olunan temperatur qarın tədricən əriməsinə səbəb olur: “Hələlik çaylarda sel təhlükəsi yoxdur. Lakin havanın temperaturu kəskin qalxsa və güclü yağışlar yağsa, belə təhlükələr yarana bilər”. A. Verdiyev deyib ki, Kiçik Qafqaz dağlarından mənbəyini götürən çaylarda - Kürəkçay, Gəncəçay, Zəyəmçay, Böyük Qafqazın Talaçay, Balakənçay, Kişçay, Dəmiraparançay, Girdimançay, Ağsuçay, Quba-Xaçmaz bölgəsinin Qudyalçay dağ çayları, Lənkəran-Astara bölgəsinin Lənkərançay, Viləşçayın səviyyəsində atım müşahidə olunub. Həmçinin Kür çayının yuxarı hissəsində də suyun səviyyəsində artım müşahidə edilib: “Bu gün Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 15 santimetr artıb. Bundan başqa Gürcüstan ərazisindən gələn Qanıqçayda da artım var”.
APA