Sabah Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali məktəblərə ərizə
qəbulu başlayır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat
xidmətindən verilən məlumata görə, ali məktəblərə sənəd qəbulu aprelin
10-dan mayın 16-dək aparılacaq.
Aprelin 16-dan ərizələrin təsdiqlənməsinə başlanacaq. Bu proses mayın
18-də bitəcək. Rus bölməsi abituriyentləri üçün Azərbaycan dili
fənnindən ilk imtahan mayın 13-də, ikinci imtahan isə iyunun 24-də
keçiriləcək.
Ali məktəblərə III ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 1-də, I
ixtisas qrupu üzrə iyulun 8-də, IV ixtisas qrupu üzrə iyulun 14-də, II
ixtisas qrupu üzrə imtahan isə iyulun 20-də keçiriləcək.
Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu internet
vasitəsilə aparılacaq. Abituriyentlər TQDK tərəfindən təyin olunan
vaxtda internet vasitəsilə TQDK-nın rəsmi saytında “Abituriyentin
elektron ərizəsi”ni dolduraraq, müvafiq sənədləri Komissiya tərəfindən
yaradılan Sənəd Qəbulu Komissiyalarına (SQK) şəxsən təqdim etməklə
ərizələrini rəsmiləşdirəcəklər. Qəbul imtahanları keçirildikdən sonra
müsabiqə şərtlərini yerinə yetirən abituriyentlər “Elektron
ərizə”lərində qəbul olunmaq istədikləri ixtisas kodunu qeyd edəcəklər.
Bu il test blokuna iki fənn üzrə açıq tipli test tapşırıqları daxil
ediləcək. Belə ki, bütün qruplarda iki imtahan fənninin hər biri üzrə
təqdim edilən 25 test tapşırığından 5-i açıq tipli olacaq. I ixtisas
qrupunda riyaziyyat və fizika, II ixtisas qrupunda riyaziyyat və
coğrafiya, III ixtisas qrupunda riyaziyyat və tarix, IV ixtisas qrupunda
isə riyaziyyat və kimya fənlərində açıq tipli test tapşırıqlarından
istifadə ediləcək.
Bu il ali təhsil müəssisələrinin III ixtisas qrupunda olan ixtisaslar DT
və XH alt qruplarına bölünməyəcək və bu qrupda imtahan balları vahid
qaydada hesablanacaq. Həmin qrup üzrə Ana dili və tarix fənləri əsas
fənlər hesab olunacaq və fənlərin çəki əmsalları Ana dilində 2, tarixdə
2, riyaziyyat, ədəbiyyat və xarici dil fənlərinin hər birində 1 bal
nəzərə alınacaq.
APA