Üç əsrin şahidi olan 125 yaşlı Gözəl Dadaşova Azərbaycanda keçirilən bələdiyyə seçkilərində səsvermədə iştirak edib.
Dünyanın ən yaşlı sakinlərindən biri olan Ağdaşın Orta Qəsl kənd sakini 1889-cu il təvəllüdlü G. Dadaşova bildirib ki, onun ailə üzvləri dekabrın 23-də səhər saat 11:00 radələrində Ağdaş rayonunun Qulbəndə kəndindəki seçki məntəqəsinə gedərək səsvermədə iştirak ediblər.
G. Dadaşova səhhəti ilə əlaqədar seçki məntəqəsinə gedə bilmədiyini və səsvermədə iştirak etmək üçün evinə səyyar qutunun gətirilməsini istəyib. Onun ərizəsi əsasında səyyar qutu seçki məntəqəsindən onun evinə gətirilib və Gözəl Dadaşova istədiyi namizədə səs verib. O, sərbəst şəkildə bülleteni dolduraraq seçki qutusuna atıb. G. Dadaşova dəfələrlə prezident və parlament seçkilərində iştirak etdiyini və məntəqədə səs verdiyini bildirib.
O, özü ilə bərabər 41 övladının, nəvəsinin, nəticəsinin və kötüçəsinin də bələdiyyə seçkilərində fəal iştirak etdiyini bildirib. Yaşının çox olmasına baxmayaraq sərbəst hərəkət edən, yaddaşından şikayəti olmayan, normal görmə qabiliyyətinə malik olan G. Dadaşova sağlam hiss etdiyini bildirib.
APA