Tahir Əmiraslanov: “Yeni ildə hazırlanan salatları 20 dəqiqə ərzində yemək lazımdır”
24.12.2014

Yeni il, yeni ümidlər, yeni arzular. Dəbli və gözoxşayan geyimlər, maraqlı hədiyyələr. Bəzədilmiş yolka ağacları və əlbəttə ki, dadlı təamlarla zəngin süfrələr...
Deyirlər ki, Yeni ili necə qarşılasan, bütün ili elə keçirəcəksən.

Odur ki, Yeni il gecəsi süfrəmizin bəzəyinə və bolluğuna diqqət yetirək ki, il boyu ruzi-bərəkətimiz də bol olsun.

Qarşıdan gələn Keçi ilini ləziz yeməklərlə qarşılayaq ki, bizə uğur, bərəkət gətirsin!

Gün.Az xəbər verir ki, Yeni il axşamı bayram süfrəsi müxtəlif yeməklərlə zəngin olmalıdır. Buna riayət eləsək, qarşıdan gələn ilimiz bolluq içində keçər.

Məsələn, qonşu Rusiyada Yeni il gecəsi süfrəyə mütləq müxtəlif çeşiddə yeməklər, salatlar, içkilər, piroqlar qoyulur. İnanca görə, süfrə nə qədər dolu və gözəl olarsa, qarşıdan gələn il də elə olacaq.

Macarıstanda Yeni il süfrəsinə qaz, ördək, toyuq qoymurlar. Guya yeni ildə quş əti yeyənin səadəti uçub gedə bilər. Subay qızlar isə bu adətə daha çox riayət edirlər ki, yeni ildə ərə gedə bilsinlər.

Almaniyada Yeni il axşamı balıq (karp və ya siyənək) yemək qəbul olunub, hesab olunur ki, onların xalları pul sikkəsini xatırladır. Bu isə var-dövlət və maliyyə uğurlarını simvolizə edir.

Kubada Yeni il axşamı hamının süfrəsində mütləq üzüm olmalıdır. Hər kəs saatın zəngləri gecəyarısını vurduqda on iki gilə üzüm yeməlidir. Bu o deməkdir ki, ilin on iki ayında sənin həyatın üzüm kimi şirin olacaq.

Rumıniyada Yeni il süfrəsi üçün içərisi sürprizlərlə dolu kökə bişirmək dəbdir. Yağlı kökənin içərisinə daha çox pul, gümüş üzük, acı istiot qoyurlar. Kimin bəxtinə nə çıxdı, çıxdı. Bəxtinə istiot çıxan adam il boyu ehtiyatla dolanmalıdır ki, acı günlər ondan uzaq olsun. Kökəsindən pul və üzük çıxanları isə xoşbəxtlik gözləyir.

Yeni il axşamı ingilislər ənənəvi ağ pudinq yeyirlər. Lakin onlar bunu çox ehtiyatlı edirlər, çünki pudinqin içərisində çoxlu yemək üçün yararsız şeylər də olur.

Gördüyünüz kimi, dünyanın hər yerində bütün insanlar Yeni ili eyni ümidlərlə - xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusu ilə gözləyir və bayramı öz adət-ənənəsinə uyğun qarşılayırlar.

Azərbaycanda isə Yeni il axşamının bir özəlliyi ondan ibarətdir ki, bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Gününə təsadüf edir. Doğrudur, Yeni ilin gəlişini biz adətən Novruz bayramında qeyd edirik. Amma buna baxmayaraq, Yeni ili də eyni məhəbbətlə qarşılayırıq. Süfrəmizə ləziz yeməklərlə bərabər, milli mətbəximizin gözəl təamları da düzülür.

Biz də bayramlarda növbənöv salatlar, isti və soyuq qidalar, şirniyyatlar, meyvə və digər təamları dadırıq.

Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanov deyir ki, ölkəmizdə Yeni il süfrəsində hansı qidaların olması ilə bağlı inanclar yoxdur:

“Çünki Yeni il bizim üçün sadəcə bir təqvimdir. Dünaynın bir çox ölkələrində Yeni il keçirilir. Bizdə isə bu günlə bağlı hansısa bir adət-ənənə yoxdur. Bizim bayramımız Novruzdur. Novruz bayramında da süfrəyə bir-birindən dadlı və ləzzətli təamlar düzülür. Amma biz də dünyanın bir çox ölkələri kimi Yeni ili qeyd edirik. Evlərdə ləyənlərlə müxtəlif tərəvəzlərin və mayonez-smetanın qarışığından salatlar hazırlanır. Bu salatlar isə ən azı 4-5 gün yeyilir. Halbuki, belə salatları hazırladıqdan sonra 20 dəqiqə ərzində yemək lazımdır. Bu salatlar qaldıqdan sonra tərkibində bir sıra toksikoloji proseslər gedir. Bu da insan orqanizmi üçün təhlükəlidir".

Bayram gecəsi mədədə problemin yaranmaması üçün həddindən çox çeşidi bir arada yemək olmaz. T.Əmiraslanovun sözlərinə görə, yeməklər bol olsa da, az porsiyalarla qidalanmaq lazımdır:

"Xüsusən də yüngül salatlar, balıq, soyutma yeməkləri və meyvələrə üstünlük vermək məsləhətdir”.

Gün.Az