“Bakı gecələri-2014” estrada mahnı festivalı keçirilib
25.12.2014

Heydər Əliyev Sarayında “Bakı gecələri-2014” estrada mahnı festivalının qala-konserti keçirilib.
Festival-konsertdə müğənni Yaşar Cəlilov “Ulduzlu gecə” mahnısına görə diplomla mükafatlandırılıb.

Yaşarı ifası zamanı rəqqaslar Etibar Məmmədov və “Aypara” rəqs qrupunun solisti Aysel Əliyeva müşayiət edib.

Xatırladaq ki, “Ulduzlu gecə” mahnısının sözləri Baba Vəziroğlu, musiqisi Kamala məxsusdur.

Onu da qeyd edək ki, “Bakı gecələri-2014” estrada mahnı festivalının qala-konsertində xalq artisti Flora Kərimova, əməkdar artist Elza Seyidcahan, müğənnilər Günay İbrahimli, Elçin Cəfərov, Emil Bədəlov, İzzət Bağırov, Əbdül Xalid, Elvin Abdullayev və digərləri diplomla mükafatlandırılıblar.

Konsert Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə reallaşıb. Artıq 4-cü dəfədir keçirilən festival iki ildən bir reallaşır. “Bakı Gecələri” estrada mahnı festivalının keçirilməsində məqsəd Azərbaycanın beynəlxalq müsabiqələrdə yüksək səviyyədə təmsil olunması, mahnı müəlliflərinin yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsi, estrada ifaçılarının bədii-peşəkar hazırlıqlarının təkmilləşdirilməsi və estrada mahnı janrının inkişafıdır.

Festivalın qala–konsertində 2013-2014-cü illər ərzində yazılan, dinləyicilər tərəfindən sevilərək hitə çevrilən və festivalın Təşkilat Komitəsi tərəfindən seçilərək proqrama daxil edilən mahnılar ifa edilir.

Gün.Az