Dekabrın 25-də Heydər Əliyev Mərkəzinin parkında “KÜKNAR” Beynəlxalq İncəsənət Sərgisinin rəsmi açılış mərasimi keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.
Leyla Əliyevaya sərgidə nümayiş olunan əsərlər haqqında məlumat verilərək bildirilib ki, sərgidə Yeni ilin rəmzi olan küknar ağacları və oyuncaqları fərqli tərtibatda - müasir incəsənət üslubunda təqdim olunur. Parkda ümumilikdə 30 küknar nümayiş etdirilir. Onlardan 12-si bu sərgi üçün hazırlanmış yeni əsərlərdir. Müəlliflərdən 9-u yerli, 3-ü isə digər ölkələrin - Yaponiya, Sloveniya və Özbəkistan təmsilçiləridir. Sərgidə tanınmış rəssam, heykəltəraş və illüstratorlarla yanaşı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri də iştirak edirlər. Əsərlərdən biri isə IDEA İctimai Birliyinə aiddir.
Sərgidə, həmçinin 2013-cü ildə Heydər Əliyev Mərkəzinin həyata keçirdiyi “KÜKNAR” Beynəlxalq İncəsənət Sərgisi və müsabiqəsində iştirak etmiş 18 əsər də nümayiş olunur.
Qeyd edək ki, Mərkəzin ötən il ilk dəfə reallaşdırdığı bu layihə çərçivəsində sərgi ilə yanaşı müsabiqə də keçirilib və tədbir iştirakçılarının səsverməsi nəticəsində üç küknarın müəllifi mükafatlandırılıb.
Xatırladaq ki, Heydər Əliyev Mərkəzinin 2013-cü ildə Yeni il və 2014-cü ildə Novruz bayramları ərəfəsində təşkil etdiyi “KÜKNAR” və “SƏMƏNİ” layihələri mədəniyyət və müasir incəsənətin inkişafına töhfə vermək, adət-ənənələri yaşatmaq, eləcə də izləyicilərdə bayram ovqatı yaratmaq məqsədi daşıyır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, həmçinin Mərkəzin parkında istifadəyə verilmiş yeni kafe ilə də tanış oldu.
Qeyd edək ki, Heydər Əliyev Mərkəzinin parkında təşkil edilən sərgiyə giriş sərbəstdir.
APA