Kaliforniyada Azərbaycan kulinariyası haqqında kitabın təqdimatı olub - FOTO
26.12.2014

Kaliforniyanın Long-Biç şəhərindəki “Qetsbi Buks” kitab mağazasında ABŞ-da yaşayan Azərbaycanlı müəllif Fəridə Buyuranın yeni “Narlar və zəfəran: Azərbaycana kulinar səyahət” kitabının avtoqraf-sessiyası olub.

Bu ilin oktyabrında alıcılara təqdim olunan kitab Azərbaycan mətbəxi ilə bağlı ingilis dilində ilk geniş nəşrdir. 336 səhifədən ibarət olan kitab oxuculara qəlyanaltı və salatlar, şorbalar, xəmir, ət, tərəvəz və yumurtadan hazırlanan yeməklər, çörək növləri, plovlar, içki və desertlərin 200 dadlı reseptini təklif edir. Kitab müəllif Fəridə Buyuranın məşhur azcookbook.com bloqundan seçmə reseptləri də özündə əks etdirir. Nəşrdə Azərbaycan mədəniyyəti ilə bağlı hekayələr, Azərbaycan mətbəxi və süfrəsi barədə atalar sözləri də dərc olunub ki, bu da öz növbəsində kitaba təkrarsız kolorit verir.

Avtoqraf-sessiyada 50-dək adam iştirak edib. Tədbirdə iştirakçılar çay və Azərbaycan şirniyyatlarının kitabdakı reseptlərə uyğun hazırlanmış bir neçə növü, o cümlədən Qarabağ kətəsi və mütəkkəyə qonaq olublar.

Kitabın müəllifi Fəridə Buyuran Azərbaycanın adət-ənənələri və kulinariyası barədə, bloq və kitab üzərindəki çoxillik işindən söz açaraq kitabı təqdim edib.

Kitabın nəşri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Practical Solutions Group şirkətinin dəstəyi ilə reallaşıb. Kitabı Bakıdakı “Əli və Nino” mağazalarından və http://www.azcookbook.com and www.amazon.com saytlarından əldə etmək olar.

Xatırladaq ki, kitabın və azcookbook.com bloqunun müəllifi Fəridə Buyuran Azərbaycan Dillər Universitetinin ingilis dilinin filologiyası ixtisası üzrə bakalavr və magistr diplomlu məzunudur. O, həm də Kaliforniya Universitetini iş inzibatçılığı magistr dərəcəsi ilə bitirib.

Fəridə Buyuran Kaliforniya ştatının Lonq-Biç şəhərində əri və iki övladı ilə yaşayır.

AzərTAc