Sabahdan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ilə əlaqədar Bakı şəhəri və ətraf rayonlarda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları başlayır.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, yarmarkalar dekabrın 31-dək davam edəcək.
Yarmarkalar Xətai rayonu Ukrayna dairəsinin yanı, Nəsimi rayonu S.Vurğun küçəsi 73, Təzə Bazarın ərazisi, Yasamal rayonu Şərifzadə küçəsi 1, Rabitə kollecinin arxası, Nərimanov rayonu Gənclik metrosunun yanı, Səbail rayonu Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, Əmircan qəsəbəsi, S. Bəhlulzadə küçəsi 12, Binəqədi rayonu Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53 ünvanlarında keçiriləcək.
Nazirlikdən bildirilib ki, bayram yarmarkaları Bakı şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə təşkil olunur.
Yarmarkaların mütəşəkkil keçirilməsi üçün Nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunub və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər.
Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.
gun.az