Bakıda Rusiyanın və Gürcüstanın Xalq Artisti Tamara Qverdtsetelinin konserti böyük uğurla keçmişdir
4.7.2011

Bakıda, Yaşıl Teatrda Rusiyanın və Gürcüstanın Xalq Artisti, tanınmış müğənni Tamara Qverdtsetelenin konserti böyük uğurla keçmişdir. “Musiqinin sərhədi yoxdur” adlı konsert Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunmuşdur.
Konsertdə Tamara Qverdtseteli yaradıcılığının pərəstişkarları, ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak etmişlər. Müğənnini gürcü musiqiçilərinin instrumental qrupu və “Suliko” vokal triosu müşayiət etmişdir. Konsertdə klassik və caz kompozisiyalarının tanınmış ifaçısı, gənc və istedadlı violonçelçalan Bronislav Strulev iştirak etmişdir.
Tamara Qverdtsetelinin ifasında tanınmış gürcü bəstəkarı Giya Kançeliyanın musiqisinə kompozisiyalar, “Anamın gözləri” mahnısı, Müslüm Maqomayevin repertuarından ən gözəl lirik mahnılardan biri, “Şindlerin siyahısı” kinofilmindən melodiya, “Böyük Qüds” himni, Marina Svetayevanın sözlərinə yazılmış “Qadına ithaf” balladası səslənmişdir.
Tamara Qverdtseteli Fransa müğənnilərinin repertuarından mahnıların gözəl ifaçısı sayılır. Konsertdə tanınmış Fransa müğənnisi İv Montanın “Xəzan”, bəstəkar Mişel Leqranın “Şerbur çətirləri” filmindən, “Tehran-43” filmindən məşhur “Əbədi məhəbbət” mahnıları, habelə Edit Piafın repertuarından “Paris valsı”, “Heç bir şeyə görə təəssüflənmirəm” və digər mahnılar səslənmişdir.
Müğənninin özünəxas emosional tərzdə ifa etdiyi mahnı və kompozisiyalar dinləyicilər tərəfindən hərarətlə qarşılanmışdır. Tamara Qverdtseteli onların xahişi ilə oxuduğu “Vivat, kral!” mahnısını Arkadi Raykinin, Lyudmila Qurçenkonun, Yan Arlazorovun və hazırda həyatda olmayan digər böyük sənətkarların xatirəsinə həsr etmişdir. Onun ifasında bənzərsiz Rəşid Behbudovun repertuarından “Bakı haqqında mahnı” və Gürcüstanın əfsanəvi “Orero” ansamblının repertuarından “Tbilisi” mahnısı səslənmişdir.
Sonda müğənni onun yaradıcılığına göstərdikləri məhəbbətə görə təşkilatçılara və iştirakçılara minnətdarlığını bildirmişdir. Tamaşaçılar müğənniyə və onu müşayiət edən musiqiçilərə gül dəstələri və xatirə hədiyyələri bağışlamışlar.