Bu gün Bakıda «Azərbaycan Dövlət Neft Şirkəti neft-qaz və neft-kimya Forumu» işə başlayıb. 3 gün davam edəcək forum «Iteca Caspian» və «INBC Consulting» şirkətləri tərəfindən təşkil olunub. Tədbir çərçivəsində Azərbaycanın neft-qaz emalı və neft-kimya sənayesinin tarixi, mövcud vəziyyəti və yeni neft-qaz emalı və neft-kimya kompleksinin tikintisi ilə bağlı məsələlər müzakirə ediləcək.
Tədbirin ilk iki günündə Forum iştirakçılarının təqdimatlarının dinlənilməsi, 3-cü günü isə ARDNŞ ilə müxtəlif iştirakçı şirkətlər arasında ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.
Forumda 45-dək təqdimatın dinlənilməsi gözlənilir. Məruzəçilər arasında «BP-Azerbaijan» şirkətinin prezidenti Rəşid Cavanşir, ARDNŞ-in vitse-prezidentləri Tofiq Qəhrəmanov, Davud Məmmədov, Süleyman Qasımov, ARDNŞ-in «Azərikimya» İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev, ARDNŞ-in «Neftqazelmitədqiqatlayihə» institutunun direktoru Fəxrəddin İsmayılov, «SOCAR Energy Turkey» şirkətinin baş icraçı direktoru Kenan Yavuz, «Technip» şirkətinin baş vitse-prezidenti Marko Villa, UOP şirkətinin prezidenti və baş icraçı direktoru Raciv Quatam, «Foster Wheeler Italiana» şirkətinin baş icraçı direktoru, «Axens» şirkətinin kommersiya fəaliyyəti üzrə direktoru Jan Klod Plumel, habelə analoji iri layihələrin reallaşdırılması üzrə öz təcrübə və biliklərini təqdim edən digər qabaqcıl şirkətlərin rəhbərləri və təmsilçiləri var.
Forumda 30 ölkədən 140-dan artıq şirkəti təmsil edən 450-dən artıq nümayəndənin iştirak edəcəyi gözlənilir. İştirakçı şirkətlər arasında ABB, «Allen&Overy», «Alstom Grid SAS», AMEC, «Baker&McKenzie», «Bentley Systems», «BNP Paribas», «Credit Agricole CIB», «Deloitte&Touche», «DuPont Products», «Ernst&Young», «ING Bank», «Pricewaterhouse Coopers», «Royal Bank of Scotland» və s. var.
APA