Dünyanın bir çox ölkəsində Yeni il təmtəraqla qeyd olunur.
Amma bu təmtərağa hər xalqın özünəməxsus adətləri də rəng qatır. Bəzi xalqlar Yeni il gecəsi suya girir, bəziləri əşyaları atır, bəziləri isə stuldan tullanırlar.
Beləliklə, bəzi ölkələrin Yeni il adətlərini təqdim edirik:
İngiltərədə Yeni ili qarşılamaq qonaqpərvərliklə səciyyəvidir. İngilislər ilk qonağın xoşbəxtlik gətirəcəyinə inanırlar. Amma bu qonaq kişi olmalı, ön qapıdan girməli və bəzi ənənəvi hədiyyələr gətirməlidir. Bu hədiyyələr isə kömbə, ailə başçısı üçün içki və ocağı yandırmaq üçün kömür olmalıdır, əks təqdirdə qonaq evə buraxılmır.
Çilidə isə saatlar 00:00-ı vurduqda bir qaşıq mərcimək yemək adətdəndir. Bu bütün ilin iş və pul ilə bol olacağı anlamına gəlir.
Yeni Zelandiyada isə Yeni ilə girəndə hər kəs küçələrə çıxır və mümkün olduğu qədər yüksək səslə qazan tava çalınır.
İspaniyanın Yeni illə bağlı başqa adəti var. Bu ölkədə gecə kilsə zəngləri çalarkən hər bir zəng üçün bir üzüm dənəsi yeyilir.
Braziliyalılar Yeni il gecəsi 7 dalğa üzərində atlanırlar. Bu şans gətirəcəyinə işarədir. Burada həm də pis ruhları uzaqlaşdırmaq üçün ağ paltar geyinirlər.
Kolumbiyalıların da Yeni il gecəsi qəribə adətləri var. Səyahət sevənlər küçədə boş çamadanla gəzirlər. Bu bütün ili səyahətdə keçirəcəyin anlamına gəlir.
Argentinada isə Yeni il gecəsi çəhrayı rəngdə alt paltarı geyinilərsə, sevginin insanı tapacağına inanılır.
Cənubi Afrikada köhnə elektrik əşyalar pəncərədən atılır.
Yaponların da Yeni illə bağlı özünəməxsus adətləri var. Burada Yeni il hansı heyvan üstünə təhvil olunursa, o heyvanın paltarını geyinirlər və məbədə gedirlər.
Danimarkalıların da maraqlı Yeni il adətləri var. Onlar köhnə boşqab və stəkanları tanışlarının qapılarına atırlar. Danimarkalılar saatlar Yeni ilə keçdikdə isə stulların üstündən aşağıya tullanırlar. Yeni ilə sürətlə girdikdə pis ruhları geridə qoyduqlarına və yaxşı şans gətirəcəyinə inanırlar.
Panamada Yeni il gecəsi məşhurların “muneco” adlandırılan və pis ruhları təmsil edən kuklaları yandırılır.
Belarusda isə subay qadınların qabağına bir qab qarğıdalı toxumu qoyulur və otağa bir xoruz salınır. O xoruz kimin qarğıdalısını yesə, o il ilk o qızın ərə gedəcəyinə inanılır.
Estonların da özlərinə məxsus Yeni il adəti olub. Qədim estonlar Yeni il gecəsi 7 növ yemək yeyirlərmiş. Yeddi növ yemək yeyən insanın 7 adamın gücünü alacağına inanılıb.
Çinlilərin də maraqlı Yeni il qarşılama adətləri var. Burada hər evin qapısı qırmızı rəngdə boyanır. Bu isə xoşbəxtliyi və ruzi bərəkəti xarakterizə edir. Çinlilər həmin gün bıçağı da gizlədirlər. Çünki kiminsə özünü kəsməsinin bütün ailənin uğurunu kəsməsinə inanılır.
Gün.Az