Balayev Almaniyada ilk titulunu qazandı
5.1.2015

Azərbaycan millisinin qapıçısı Emil Balayevin yeni klubu "Ayntraxt" Almaniya Bundesliqasında yaranmış fasilədən istifadə edərək 13-cü Harder kubokunda çıxış edib.

Frankfurt təmsilçisi mini-futbol turnirinin dairəvi sistemlə keçirilən əsas mərhələsində 4 matç oynayıb.

"Karlsrue"ni 2:1, "Valdhof"u 3:0 və "Kayzerslautern"i 5:4 hesabı ilə məğlub edib, "Sandhauzen"ə 1:2 hesabı ilə uduzan frankfurtlular finala yüksəlib.

İlk iki yerin sahibinin üz-üzə gəldiyi həlledici matçda Balayevin komandası millimizin digər üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" ilə qarşılaşıb. 4:4 hesabı ilə başa çatan qarşılaşmanın taleyinə penaltilər seriyasında aydınlıq gəlib. "Lotoreya"dan qalib ayrılan "Ayntraxt" (5:4) kuboka sahib çıxıb.

Balayev "Ayntraxt"ın yarışa qatılan heyətində yer alsa da, onun hansı görüşlərdə və neçə dəqiqə forma geyindiyi haqda dəqiq məlumat yoxdu. Amma son qarşılaşmada həmyerlimizin meydanda olduğu dəqiqdir.

publika.az