Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda hava şəraitinin kəskin dəyişəcəyi haqqında xəbərdarlıq yayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 7-si axşamdan başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, şimal küləyinin güclənəcəyi, yanvarın 8-dən 10-dək fasilələrlə yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir.
Yanvarın 8-də havanın temperaturunun ötən günlə müqayisədə 10-12 dərəcə aşağı düşəcəyi, yanvarın 8-i gün ərzində 0 dərəcəyə yaxın, axşama doğru 2 dərəcəyədək şaxta, yanvarın 9-u gün ərzində 0 dərəcəyə yaxın, yanvarın 9-10-da gecə saatlarında 4 dərəcəyədək şaxta olacağı ehtimalı var.
Azərbaycanın rayonlarında isə bu proses yanvarın 7-si günün ikinci yarısında qərb rayonlarından başlayacaq. Yanvarın 10-dək hava şəraiti fasilələrlə yağıntılı olacaq, sulu qar və qar yağacaq, arabir intensivləşəcək. Əsasən Kür vadisi rayonlarında qərb küləyinin güclənəcəyi, temperaturun kəskin enəcəyi gözlənilir. Yollar buz bağlayacaq.
APA