Azərbaycan XXII “Rossiya” Açıq sənədli filmlər festivalında iştirak edəcəkdir
5.9.2011

Oktyabrın 1-dən 5-dək Yekaterinburq şəhərində XXII “Rossiya“ Açıq sənədli filmlər festivalı keçiriləcəkdir. Festivalda digər ölkələrlə yanaşı, Azərbaycan da təmsil olunacaqdır.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən bildirilmişdir ki, festivalda ölkəmizi Əməkdar İncəsənət Xadimi Ziya Şıxlinskinin “Qəlbi ilə çəkən rəssam” sənədli filmi təmsil edəcəkdir.
“Yaddaş” studiyasında çəkilmiş filmin ssenari müəllifi Toğrul Cuvarlı, operatoru Adil Abbasovdur.
“Qəlbi ilə çəkən rəssam” filmi Rusiya Rəssamlıq Akademiyasının birinci vitse-prezidenti, YUNESKO-nun incəsənət məsələləri üzrə fəxri prezidenti, Azərbaycanın və SSRİ-nin Xalq Rəssamı Tahir Salahova həsr olunmuşdur.
“Rossiya” festivalı Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 1988-ci ildən bəri hər il keçirilir. Seçim komitəsinə hər il Rusiyadan və xaricdən 300-dən çox film təqdim olunur.