People's Choice Awards mükafatı sahiblərinin adları açıqlandı
8.1.2015

Yanvarın 8-də Los-Ancelesdə 2014-cü ilin nəticələrinə görə People's Choice Awards (Xalqın seçimi) mükafatının qaliblərinin adları açıqlanıb. Ulduzlara “Amerikanın xalq artistləri” adını qazandıran nüfuzlu mükafatın 41-ci təqdimetmə mərasimi Nokia teatrında baş tutub.

Ən yaxşı film adına baş rolda Ancelina Colinin çəkildiyi “Maleficent” filmi layiq görülüb.

Amerikalıların seçiminə görə, ilin aktrisası Cenifer Lourens olub. Bundan başqa, aktrisa öz aktivinə “Ekşn” janrında çəkilmiş filmdə ən yaxşı aktrisa” kateqoriyası üzrə mükafatı da əlavə edib. İlin aktyoru, həmçinin “ən yaxşı dramatik aktyor” nominasiyasının qalibi Robert Dauni-kiçik, “ən yaxşı dramatik aktrisa” nominasiyasının qalibi isə Kloi Qreys Mores seçilib. “Ən yaxşı komediya aktrisası” titulunu Melissa Makkarti, analoji kişi kateqoriyasını isə Adam Sendler qazanıb.

Mükafat haqqında

People's Choice Awards mükafatı 1975-ci ildən bu yana hər il 40-dan artıq nominasiya üzrə təqdim olunur. Əvvəllər Amerikanın Gallup ictimai fikir institutunun sorğusunun nəticələrinə əsasən təqdim olunan mükafat, hazırda real zaman rejimində keçirilən səsverməyə görə verilir. Bu, ABŞ şou-biznesində ümummilli səsvermə ilə təyin edilən yeganə mükafatdır.

azertag.az