Dünən axşam saatlarından səhərə qədər “Azəryolservis” ASC-nin tabeliyində olan Yol-İstismar İdarələri 24 saat ərzində fəaliyyət göstərib.
Bunu Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev bildirib.
Qurum rəsmisi bildirib ki, Bakının bütün avtomobil yolları, prospekt, küçələrinə gecədən başlayaraq səhər saatlarına qədər müvafiq xidmət göstərilib, nəqliyyatın normal hərəkətini təmin etmək üçün yollara qum-duz qarışığı səpilib.
“Dünən gecə saatlarından ”Azəryolservis” nəqliyyat və texnikanı hazır vəziyyətə gətirilib. Demək olar ki, nəqliyyatın normal hərəkəti təmin edilib. Bakı şəhərinin avtomobil yolları və küçələr üzrə demək olar ki, heç bir problem yoxdur. Təbii ki, bundan sonra da harada bir çətinlik olsa bütün işçi heyəti və maşın mexanizmləri həmin ərazilərə səfərbər olunacaq”, - deyə P. Mürsəliyev bildirib.
O əlavə edib ki, dünən axşam saatlarında bəzi nəqliyyat vasitələrinin naşı sürücüləri Bakı-Sumqayıt yolunda müvafiq işlərin aparılmasına müəyyən maneələr yaradıb ki, bu, tıxacın yaranmasına səbəb olub. “Azəryolservis” rəsmisinin sözlərinə görə, artıq Bakı-Sumqayıt, “Dairəvi-1”, Xocasən-Lökbatan yollarının təhlükə olan ərazilərində nəqliyyatın normal hərəkəti təmin olunub.
Qurum naşı sürücülərdən bu cür havada yola çıxmamalarını xahiş edib.
APA