www.data.gov.az - Açıq Hökumət Məlumatları portalının təqdimatı olub
14.1.2015

www.data.gov.az - Açıq Hökumət Məlumatları portalının təqdimatı olub. Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qeyd edib ki, açıq məlumatlar “Elektron hökumət” quruculuğunda yeni bir inkişaf mərhələsidir. www.data.gov.az portalı vasitəsilə vətəndaşlar və biznes strukturları dövlət orqanları tərəfindən yaradılan və açıq elan edilən məlumat bazalarını asanlıqla tapa, fərdi yönümlü xidmətlərin hazırlanması üçün istifadə edə biləcəklər. Elektron Hökumət Portalının tərkib hissəsi olmaqla www.data.gov.az portalı dövlət orqanlarının məlumatlar toplusunu, o cümlədən məlumatlar toplusuna və əlavə vasitələrə giriş tapmaq üçün informasiyanı özündə əks etdirir. Mövcud qanunvericiliyə uyğun olaraq təqdim olunan açıq məlumatlar müntəzəm olaraq yenilənəcək və təkmilləşdiriləcək.

Tədbirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən “data.gov.az” portalının Açıq Məlumatlarından istifadə etməklə "Bax, istifadə et və yarat" adlı mobil əlavələrin hazırlanması müsabiqəsi elan olunub. İKT mütəxəssisləri, “start-up”-çılar, tələbələr və s. üçün nəzərdə tutulan bu müsabiqəyə qatılmaq üçün Açıq Məlumatlardan istifadə edərək ictimai əhəmiyyətli mobil proqramlar yaradıb müsabiqəyə təqdim etmək olar. Müsabiqə aprelin 15-dək davam edəcək.

azertag.az