Nəzrin Rəşidova Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini səsləndirəcək. Sentyabrın 18-də Böyük Britaniyanın paytaxtı Londonda Azərbaycan Avropa Cəmiyyətinin təşkilatçılığı və maliyyə dəstəyi ilə azərbaycanlı skripkaçı Nəzrin Rəşidovanın konserti keçiriləcək. Azərbaycan Avropa Cəmiyyətindən bildirilmişdir ki, gənc skripkaçının konserti Londonun nüfuzlu Müqəddəs Luk kilsəsində (St Luke`s church) təşkil olunacaq.
N.Rəşidovanın ifasında Azərbaycan bəstəkarları ilə yanaşı, F.Şubert, S.Raxmaninov, P.Sarasate, L.Kreyslar, H.Vienavski kimi məşhur xarici ölkə bəstəkarlarının da əsərləri səslənəcək.
Bundan əvvəl N.Rəşidova dəfələrlə ABŞ, Fransa, Almaniya, Polşa və Misirdə konsert proqramları ilə çıxış edib.