"Bulvar" "Wi-Fi" ilə əhatə olunacaq
11.4.2012

Dənizkənarı Milli Park “Wi-Fi” simsiz şəbəkəsi ilə tam əhatə olunacaq. Bu barədə “Romsat” şirkətinin Rəqəmsal televiziya sektorunun rəhbəri Oleq Kuş bildirib. Onun sözlərinə görə, layihənin miqyası olduqca genişdir, onun reallaşdırılması üzrə texniki tapşırıq artıq “Romsat” tərəfindən alınıb və qiymətləndirmə aparılır.

Dənizkənarı Milli Parkın “Wi-Fi” simsiz şəbəkəsi ilə əhatə olunması yaxın vaxtlarda gözlənilir. “Wi-Fi” texnologiyası üzrə simsiz rabitəyə çıxış istifadəçilər üçün ən münasibidir. Belə ki, bazarda bu standartı dəstəkləyən çoxlu qurğular (noutbuk, telefon, smartfon) var.

“Romsat” şirkətinin Azərbaycan bazarına yenicə çıxmasına baxmayaraq, bu gün artıq bir sıra layihələr reallaşdırılıb. Azərbaycan bazarı, xüsusən Bakı bizə çox maraqlıdır. Biz baş stansiyalar və kontentin formalaşdırılması üçün avadanlıqların tədarük edildiyi Azərbaycanın iri kabel televiziya operatorları ilə əməkdaşlıq edirik”, – o deyib.

Qeyd edək ki, “WiFi” – kompyuterlərin şəbəkəyə birləşdirilməsi və yaxud internetə qoşulması üçün müasir simsiz texnologiyadır. Məhz bu texnologiya vasitəsilə internet mobil olaraq istifadəçiyə istər bir otaq hüdudlarında, istərsə də bütün dünyada sərbəst hərəkət imkanı təqdim edir.

Texnologiya eyni vaxtda onlarla istifadəçinin bir şəbəkədə işləməsi üçün şərait yaradır. Bu zaman sonuncu abonent üçün məlumat ötürülməsi sürəti 108 Mbit/san təşkil edir. “IEEE 802.11” standartını dəstəkləyən xüsusi modulla təmin edilmiş noutbuk, cib kompyuteri, veb-kamera sahibləri “WiFi” birləşmədən istifadə edə bilərlər.

islamazeri.az