Gələn ay Bakı-Antalya aviareysi bərpa olunacaq
12.4.2012

Yay mövsümü ilə əlaqədar gələn ayın sonunda «Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Antalya-Bakı marşrutu üzrə birbaşa sərnişin aviareysini bərpa edəcək.

AZAL-dan verilən məlumata görə, may ayının 27-dən etibarən Bakıdan Antalyaya uçuşlara başlanacaq ki, sözügedən marşrut üzrə uçuşlar ilk həftədə I və VII günləri, növbəti həftələr isə uçuşların sayı artırılacaq: «Mövsümi xarakter daşıyan bu aviareys üzrə uçuşlar cədvəl üzrə sentyabrın 6-dək davam edəcək. Lakin uçuşların sentyabrın sonunadək artırılacağı istisna deyil».

AZAL-dan həmçinin bildirilib ki, Bakı-Antalya-Bakı üzrə bir aviabiletin minimal qiyməti 493 manat təşkil edir. Uçuşlar «Boeing-757» tipli avialaynerlə yerinə yetiriləcək.

APA