Moskvanın “Aydan” qalereyasının sahibəsi, rəssam və müəllimə Aydan
Salahova qalereya biznesindən imtina edərək bütün diqqətini şəxsi
yaradıcılığa yönəltmək fikrindədir. Bununla bağlı “RİA Novosti”yə
müsahibə verən rəssam bildirib ki, qalereyanın yerində “Aidan Studio”
adlı rəssamlıq emalatxanası açacaq.
Qeyd edək ki, “Aydan-qalereya” son 20 ildə Rusiyanın ən nüfuzlu
qaleralarından biri olub, burada Anna Jelud, Rauf Məmmədov, Oksana Mas,
Rostan Tavasiyev və Qor Çaxal kimi rəssamların əsərləri sərgilənib.
Qalereyanın tanınmasında əsərləri dünyanın ən tanınmış kolleksiyaçıları
və qalereyaları tərəfindən həvəslə satın alınan Aydan Salahovanın da
böyük rolu olub. Onun əsərləri bir çox şəxsi və dövlət kolleksiyalarını,
o cümlədən Tretyakov qalereyası, Moskva müasir incəsənət muzeyi,
“Yekatrina” Fondunun divarlarını bəzəyir.
Salahovanın sözlərinə görə, hazırda rəsm əsərləri bazarında onun bir
əsərinin qiyməti 20-25 min avro arasında dəyişir: “Mənim üçün rəssam
olmaq, qalereya sahibi olmaqdan daha sərfəlidir, bu mənim şəxsi
fikrimdir”.
Aydan Salahovanın sözlərinə görə, bütün diqqətini şəxsi yaradıcılığı
üzərində cəmləşdirəcək və 2000-ci ildən işlədiyi Surikov adına Moskva
Dövlət Akademik Rəssamlıq İnstitutunda müllimlik fəaliyyətini davam
etdirəcək.
“Aprelin 23-də “Aydan-qalereya”nın 20 illiyini qeyd edəcək və sərgi
təşkili fəaliyyətimizə son qoyacağıq. Yayda ehtiyatda olan əsərlər
satışa çıxarılacaq. Payızda isə “Aidan Studio” açılacaq, burada mənim və
tələbələrimin əsərləri nümayiş olunacaq”.
Salahova kolleksiya toplayanlar arasında məsləhətçi kimi də məşhurdur və
əntiq əşyaların alqı-satqısında vasitəçiliklə məşğul olur. O, bu
fəaliyyət sahəsindən imtina etmək niyyətində deyil. Qeyd edək ki, Aydan
Salahova məşhur azərbaycanlı rəssam Tahir Salahovun qızıdır. 2002-ci
ildə Rusiya Rəssamlıq Akademiyasının gümüş medalı ilə təltif olunan
Salahova 2005-2007-ci illərdə Rusiya İctimai Palatasının üzvü olub.
APA