Mədəniyyət və Turizm Nazirliyi: “Eurovision 2012” mahnı müsabiqəsi ilə bağlı Azərbaycana gələn turistlərin yerləşdirilməsində heç bir problem olmayacaq
12.4.2012

“Eurovision 2012” mahnı müsabiqəsi çərçivəsində Azərbaycana gələn turistlərin yerləşdirilməsində heç bir problem olmayacaq.

Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib.

Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən turizm şirkətləri lazım olan qədər turistə xidmət göstərməyə hazırdır.

A.İsmiyev bildirib ki, hotel biznesi özəl sektor olsa da, mehmanxanalara qiymətlərin sabit saxlanılması tövsiyə olunub: “Hazırda ölkədə 178 turizm şirkəti və 312 hotel fəaliyyət göstərir. Hotellərdə yerlərin sayı 11 mindən artıqdır”.

Nazirlik rəsmisi onu da qeyd edib ki, ümumiyyətlə, bu il Azərbaycana gələn turistlərin sayının 2011-ci ildəkindən çox olacağı gözlənilir: “Ötən il Azərbaycana 2 mln. əcnəbi gəlib ki, onlardan da 1,8 mln. nəfəri turist olub. Bakıda keçiriləcək “Eurovision 2012” mahnı müsabiqəsi ilə əlaqədar və ümumiyyətlə, son zamanlar Azərbaycana xarici vətəndaşların marağı artıb. Təkcə “Eurovision” mahnı müsabiqəsi ilə əlaqədar Azərbaycana 40 ölkədən çox təmsilçi gələcək. Ümid edirik ki, bu il ölkəmizə gələn turistlərin sayı ötən ildəkindən çox olacaq”.

APA