TQDK ilk dəfə Akademik Qiymətləndirmə Test imtahanı keçirəcək
21.1.2015

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yanvarın 24-də ilk dəfə olaraq Akademik Qiymətləndirmə Test (SAT - Scholastic Aptitude Test) imtahanı keçirəcək.

TQDK-nin mətbuat xidmətindən verilən məlumata görə, bu imtahan şagirdlərin oxuma, yazma və riyazi biliklərini yoxlayan standartlaşdırılmış beynəlxalq test imtahanıdır.

İmtahanda iştirak etmək üçün namizədlərin qeydiyyatı dekabrın 11-dən 29-dək aparılıb və 10 namizəd qeydiyyatdan keçib. İmtahan TQDK-nın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1A ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

TQDK tərəfindən növbəti SAT imtahanının 2015-ci il mayın 2-də keçirilməsi nəzərdə tutulur. Mayın 2-dəki imtahanda iştirak üçün qeydiyyatdan keçmək istəyənlər bu linkə daxil ola bilərlər: http://sat.collegeboard.org/register/sat-international-dates

İmtahanın müddəti 3 saat 45 dəqiqədir. SAT imtahanının nəticəsi ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul olmağa imkan verir.

Məktəb məzunlarının ali təhsil almağa hazırlığını qiymətləndirmək baxımından obyektiv imtahan sayılan SAT ilk dəfə 1901-ci ildə keçirilib.

TQDK SAT imtahanı keçirmək səlahiyyətini 2014-cü ildə əldə edib.

APA