Azərbaycan filmləri İranda keçirilən 8-ci Vareş Beynəlxalq film festivalında (Varesh International Short Film Festival) iştirak edir.
“Azanfilm” studiyasının istehsalı olan “Əriyən ada”, “Miras”, “Lahıc” sənədli, “Köhnə saat” animasiya filmləri festivalın müsabiqə bölməsinə, “Mayak” qısametrajlı bədii filmi isə baxış proqramına daxil edilib.
“Azanfilm” studiyasından Publika.az-a bildirilib ki, “Əriyən ada”, “Miras”, “Mayak” filmlərinin ssenari müəllifi Esmira Əyyub, rejissoru Fariz Əhmədov, “Lahıc” filminin ssenari müəllifi və rejissoru Tofiq Şahverdiyev, prodüseri Fariz Əhmədov, “Köhnə saat” animasiya filminin rejissoru və ssenari müəllifi Cavid Əhədov, prodüseri Fariz Əhmədovdur.
Qeyd edək ki, yanvarın 19-da başlayan festival 22-dək davam edəcək. Festivala müraciət edən 1278 filmdən 168-i proqrama daxil olunub. Bu filmlərdən 58-i İran filmi, 110-u isə xarici filmlərdir.
Festivalın reqlamentinə əsasən müsabiqəyə 100 saniyədən 40 dəqiqəyədək müddəti olan filmlər daxil edilib.
Festivalın əsas məqsədi müxtəlif Xəzəryanı xalqların və etnik qrupların ortaq mədəni irsini təqdim etmək, kino istehsalı sahəsində gənc və istedadlı kinematoqrafçıları müəyyənləşdirərək qarşılıqlı əlaqələrin inkişafına təkan verməkdir.
publika.az