Nizami Kino Mərkəzində 3 yeni filmin nümayişinə başlanılıb
23.1.2015

Yanvarın 22-dən etibarən Nizami Kino Mərkəzində “Oyunçu”, “Fatihin Fedaisi Kara Murat” və “Birdman: və ya cəhalətin gözlənilməz üstünlüyü” filmlərinin nümayişi başlanıb.

Türkiyə rejissoru Aytekin Birkonun çəkdiyi “Fatihin Fedaisi Kara Murat” filmi tarixi dram və ekşn janrındadır.

Ölkəsinin, xalqının, Osmanlı İmperatorluğunun və ailəsinin yolunda etdiyi fədakarlıqlarla ad çıxarmış Qara Murat, Osmanlı İmperatorluğunun ən şanlı əsgəridir. Qardaşı Orhan Çələbinin isə tək dərdi taxta çıxmaqdır və o, Sultan Muradın öz taxt-tacını gənc və cəsur oğlu Sultan Mehmetə verməsini fürsət bilib, ona tələ qurur…

Filmdə baş rolları, Fatih Usta, Bahadır Sarı, Nezih Işitan, Ömer Faruk Hakeri, Kaan Erkam, Cem Baza, Şükran Çağman, Şendoğan Öksüz, Nefise Karatay və Ceyda Tepeliler ifa edirlər.

Növbəti, Amerika istehsalı olan “Oyunçu” filmini, rejissor Rupert Uayatt, Uilyam Monahen və Ceyms Tobekin ssenarisi əsasında triller və kriminal dram janrında çəkib. Filmin yaş məhdudiyyəti: 18+

Bu filmin süjet xətti risk etməyi sevən Cim Bennetin üzərində qurulub. Gündüzlər o, dahi yazıçı və əla müəllim, gecələr isə - mahir oyunçudur. Qanunların – boş səs olduğu, kriminal dünyaya batmış Cim, bir gün həyatı daxil olmaqla, hər şeyini oyuna qoyur və uduzur. Onun borclu olduğu insanlar çox təhlükəli olsalar da, Cimə kömək edə biləcək biri onlardan da təhlükəlidir.

Özünü uduzmuş insan ikinci şansa layiqdirmi? Buyurun baxın...

Baş rollarda Mark Uolberq, Con Qudman, Bri Larson, Maykl Kennet Uilyams, Cessika Lenq, Qriffin Klivlend, Omar Leyva, Entoni Kelli, Stiv Park və Emori Koen çəkiliblər.

Növbəti, ABŞ və Kanada istehsalı olan “Birdman: və ya cəhalətin gözlənilməz üstünlüyü” filminin ssenari müəllifi və rejissoru Alexandro Qonsales İnyarritudur. Kinolent dramatik komediya janrındadır. Filmin yaş məhdudiyyəti: 16+

Süjetin mərkəzində, vaxtilə populyar superqəhrəman Birdman obrazını yaratmış aktyordur. İndisə o, eqosunun üstündən keçərək, brodvey quruluşlarında iştirak edib keçmiş şan-şöhrətini qaytarmaq qərarına gəlir.

Baş rollarda Maykl Kiton, Zak Qalifianakis, Edvard Norton, Andrea Rayzboro, Emi Rayan, Emma Stoun, Naomi Uots, Kenni Çin, Camal Qarisson – Lou, Ceremi Şamos və başqa aktyorlar çəkiliblər.

Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin Facebook səhifəsindən öyrənə bilərsiniz. (https://www.facebook.com/NizamiCinema?rf=hl

Gün.Az