Azərbaycanın GoMap.az onlayn-naviqatoruna Gürcüstanın da elektron xəritəsi daxil edilib.
Gürcüstan ərazisini də əhatə edən genişləndirilmiş GoMap.az elektron xəritəsi bugün işə başlayacaq 11-ci Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” sərgisində rəsmi şəkildə təqdim ediləcək.
Genişləndirilmiş GoMap.az xəritəsi Azərbaycan və Gürcüstan ərazisində vahid marşrut yaradıb mədəni, tarixi obyektlərə ən rahat şəkildə çatmağa imkan verəcək.
Xəritə genişləndikdən sonra Gürcüstanın turist zonalarına baş çəkmək daha da asanlaşacaq. Xəritədə avtomobil yollarının daxil edilməsi zamanı bütün yol nişanları və yol hərəkət qaydaları nəzərə alınıb.
“SİNAM” şirkətində hesab edirlər ki, GoMap.az-ın əhatə dairəsinin genişləndirilməsi sözügedən servisin faydasını Azərbaycan və Gürcüstan istifadəçiləri, həmçinin bu ölkələrə səfər edən turistlər üçün dəfələrlə artırmağa imkan verəcək.
Genişləndirilmiş xəritə Azərbaycan və Gürcüstan xalqlarının daha da sıx inteqrasiyasına imkan verəcək, həmçinin ölkələr arasında turist axınlarını gücləndirəcək. İki ölkənin elektron xəritələrinin inteqrasiyası Gürcüstandan turist axınını stimullaşdıracaq.
GoMap.az xəritəsi Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında “bulud” texnologiyaları bazasında bu günə kimi yaradılmış ilk resurslardan biridir.
Azərbaycanda GoMap.az 70 şəhəri, 4 530 yaşayış məntəqəsini, 3 300 mədəni-tarixi abidəni, 670 000 bina və tikililəri, 47 000 km yolu (yol hərəkət qaydaları və yol nişanları daxil olmaqla), 23 770 km meşə və yaşıllıq sahələrini və s. məlumatları əhatə edir. Elektron xəritə 3D rendering formatında göstərilə bilər.
Mədəni-tarixi abidlərin şəkilləri və təsvirləri də elektron xəritədə yerləşdirilib. Elektron xəritə üç dildə (Azərbaycan, ingilis və rus) fəaliyyət göstərir.
gün.az