İlham Əliyev Davosda “Bakı 2015” ilk Avropa Oyunlarının təqdimatında iştirak edib - FOTOLAR
23.1.2015

Davosda “Bakı 2015” ilk Avropa Oyunlarının təqdimatı olub. Prezident İlham Əliyev mərasimdə iştirak edib.

Bu il Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə əlaqədar həm Sürix, həm də Davos şəhərlərinin müxtəlif yerlərində oyunlara həsr olunan reklam lövhələri vurulmuşdu. Bu da Davos İqtisadi Forumunda iştirak edən nümayəndələrdə ölkəmiz və onun zəngin mədəniyyəti, idman ənənələri barədə təsəvvür yaratmağa imkan verirdi.

Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi ilə keçirilən təqdimat mərasiminə İsveçrənin ictimai-siyasi dairələrinin, beynəlxalq idman ictimaiyyətinin nümayəndələri, Dünya İqtisadi Forumunda iştirak edən xarici ölkələrin təmsilçiləri qatılmışdılar.

Qonaqlar əvvəlcə Azərbaycan heykəltəraşlarının “Bakı 2015”ə həsr olunmuş bürünc heykəllərindən ibarət sərgiyə baxdılar. “Biz birlikdə” adlanan bu sərgidə 20-dən çox heykəltəraşımızın idmanın müxtəlif növlərini təsvir edən əsərləri sərgilənirdi. Onların hər biri müxtəlif cərəyanları nümayiş etdirməklə ilk Avropa Oyunlarının həyəcanını sənətin dili ilə dolğun əks etdirirdi.

Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri, o cümlədən birinci Avropa Oyunlarına həsr olunan bukletləri təqdim edildi.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etdi.

Sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxış etdi.

Daha sonra mərasim iştirakçıları “Bakı 2015”ə həsr olunan filmə baxdılar. Filmdə ilk Avropa Oyunlarına hazırlıq işləri və digər tədbirlər barədə geniş məlumat verildi.

president.az