Bütün dünyada varlı insanlar klub və restoranlarda gen-bol pul
xərcləyib, zəngin və səxavətli olduqlarını nümayiş etdirməyi sevirlər.
Bu yaxınlarda Səudiyyə Ərəbistanından olan biznesmen bir şüşə nadir
şampan şərabını 136 min dollara almışdır.
Bu hadisə Dubayda, “Cavalli” gecə klubunda baş vermişdir. Milyonçu bir
neçə dildə danışan savadlı centlmen kimi yadda qalmışdır. O, ofisianta
fransız dilində müraciət edərək şampan şərabı sifariş vermişdir.
Bəzi məlumatlara görə, söhbət “Louis Roederer” şirkətinin 1990-cı il
tarixli “Millennium Cristal Brut” şampan şərabından gedir. Bütün dünyada
bu eksklüziv şampan şərabının yalnız üç şüşəsi mövcuddur. Klubun sahibi
Devid Leskarretin sözlərinə görə, digər iki şüşə Nyu-York və Londonda
gecə klublarında satışa çıxarılsa da, hələlik alıcı tapılmamışdır.
Məlumdur ki, söhbəti gedən şampan şərabı 1990-cı ildə Fransanın Şampan
əyalətində istehsal edilmişdir və yeni minilliyin başlanması ilə bağlı
bayram şənlikləri zamanı açılmalı idi.
Şayiələrə görə, “Cavalli” nümayəndələri bu içkini Londonun “Chiristie's” hərracında təxminən 93 min dollara almışlar.
Bir londonlu biznesmen isə Liverpulda, gecə klubunda səxavət kisəsini
açaraq, kluba gələnlərin hamısını elit şampan şərabı, araq, çaxır və s.
içkilərə qonaq etmiş, bütün bunlara 300 min dollardan çox pul
xərcləmişdir.
AzərTAc