80 yaşlı aktyoru əsgərliyə çağırdılar
29.1.2015

Qastrol səfərində olan 80 yaşlı tanınmış aktyor hərbi xidmətdən yayınmaqda ittiham olunub.
Rol aldığı “Ququ quşu” adlı tamaşanın nümayişi üçün İzmirə gələn və şəhərdəki oteldə yerləşən 80 yaşlı aktyor Kayhan Yıldızoğlu ağlına gətirməyəcəyi bir sürprizlə üzləşib.

Səhər saatlarına otelə gələn polis əməkdaşları 80 yaşlı aktyorun hərbi xidmətdən yayındığını elan edərək onu bölməyə aparıblar.

Düşdüyü vəziyyətdən şok keçirən K.Yıldızoğlu o an yaşadığı gərginliyi belə təsvir edib:

“Mən 1957-ci ildə baş leytenant rütbəsində İstanbulda hərbi xidmət keçmişəm. Amma bu məsələdə ittiham olunmağım məni sarsıtdı.

Polis bölməsində vəziyyətə aydınlıq gətirildi. Köhnə qeydiyyat dəftərləri kompüterlərə köçürülərkən, mənim barəmdə məlumatın elektronlaşması diqqətdən yayınıb və hərbi xidmətdən yayınmış şəxs olaraq işarələnmişəm.

Polis idarəsində, “Mən Ulubatlı Həsən bürclərə bayraq sancdığı vaxt əsgərlik çəkmişəm” sözlərimə polislər xeyli güldülər. Onların mənə mehriban münasibəti hirsimi soyutdu. Tezliklə hərbi xidmətdə olmamağım haqqında yanlış qeyd düzəldiləcək”.


Gün.Az