Parisdə Heydər Əliyev Fondunun və “Baku” jurnalının ingilisdilli
versiyasının dəstəyi və təşkilatçılığı ilə “Bakıya uçuş: Müasir
Azərbaycan incəsənəti” mövzusunda sərginin açılışı olmuşdur.
Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Fondun
vitse-prezidenti Leyla xanım Əliyeva, o cümlədən Fransanın mədəniyyət və
kommunikasiya naziri Frederik Mitteran mərasimdə iştirak etmişlər.
Heydər
Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması
istiqamətində həyata keçirdiyi tədbirlər sırasında xüsusi əhəmiyyəti
olan sərgi Parisin məşhur Salomon de Rotşild malikanəsində açıldı. Bu da
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Heydər Əliyev
Fondunun viste-prezidenti Leyla xanım Əliyevanın fəaliyyətlərində
mədəniyyətimizin təbliğinin prioritet istiqamət olduğunu bir daha
təsdiqlədi.
Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən bu
sərgini Şərq ilə Qərb mədəniyyətlərinin qovuşmasından ilhamlanan müasir
Azərbaycan incəsənətinin uğurlu təqdimatı kimi də qiymətləndirmək olar.
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva mərasimdə çıxış
edərək bildirdi ki, sərgidə nümayiş olunan əsərlərdəki dinamizm və
yaradıcılıq ruhu bu gün Azərbaycanda baş verənlərin böyük bir hissəsini
əks etdirir. “Mənim ölkəm misli görünməmiş inkişaf dövrü yaşayır və bu,
özünü müasir incəsənət sahəsində daha da qabarıq göstərir”, - deyən
Leyla xanım Əliyeva Azərbaycanın qədim tarixindən, eləcə də indi Parisdə
də satışda olan “Baku” jurnalından danışdı, bu nəşrdə gənc rəssamlara
da yer ayrıldığını vurğuladı.
Leyla xanım Əliyeva sərgidə təqdim edilən əsərlər və rəssamlar haqqında məlumat verərək dedi:
-
Burada Azərbaycandan 21 rəssam iştirak edir. Onlardan bəziləri gəncdir,
bu işə yeni başlayıblar, bəziləri isə bu sənətlə çoxdan məşğul olurlar
və tanınmış rəssamlardır. Bizim burada 100-dən çox əsərimiz - videolar,
installyasiyalar, rəsm əsərləri, performanslar və fotoşəkillər nümayiş
olunur. Burada maraqlı cəhət ondan ibarətdir ki, bu əsərlərin
əksəriyyəti məhz “Bakıya uçuş” sərgisi üçün yaradılmışdır və ilk dəfədir
ki, nümayiş olunur. Biz bu sərgini bütün Avropada nümayiş etdirməyi
planlaşdırırıq, Nyu-Yorkda da təşkil edəcəyimizə ümid vardır və sərgiyə
Bakıda yekun vuracağıq.
May ayında Bakının “Eurovision” mahnı
müsabiqəsinə ev sahibliyi edəcəyini deyən Leyla xanım Əliyeva mərasimdə
iştirak edənləri şəhərimizə və onun gözəlliklərini görməyə dəvət etdi.
Sərginin
kuratoru Erve Mikaeloff isə vurğuladı ki, bu sərgi zənginliyi ilə
diqqət çəkir və burada təqdim edilən əsərlər orijinallığı ilə seçilir.
“Azərbaycan incəsənətinin dərin tarixi kökləri vardır”, - deyən Erve
Mikaeloff bu cür tədbirlərin ölkəmizin dünyada daha yaxşı tanıdılmasına
kömək etdiyini vurğuladı. O, bu sərginin keçirilməsində böyük əməyi olan
Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya minnətdarlığını
bildirdi.
Sonra Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva,
Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran “Bakıya
uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisi ilə tanış oldular.
Sərginin
iştirakçıları arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın da adı vardır. Onun müəllifi olduğu illüstrasiyalardan
gələcəkdə rus və ingilis dillərində işıq üzü görəcək “Biri var idi, biri
yox” nağıl kitabında istifadə ediləcəkdir. Leyla xanım Əliyevanın
müəllifi olduğu “Nar”, “Nar ağacı”, “Həyat davam edir” və digər rəsm
əsərləri də orijinallığı ilə iştirakçıların qəlbinə yol tapır.
Sərgidə
gənc rəssamlardan Aida Mahmudovanın əsəri də üslubu ilə iştirakçıları
özünə cəlb edə bildi. Müəllif əsərində keçmiş həyatı, rastlaşdığı hadisə
və hissləri indiki zamanda təqdim edir.
Bundan əlavə, sərgidə
tanınmış rəssamlar Altay Sadıqzadə, Ənvər Əsgərov, Mirnadir Zeynalov,
ümumilikdə 21 müəllifin təsviri incəsənət, qrafika, heykəltəraşlıq,
fotoqrafiya, video-art kimi müxtəlif istiqamətlərdə işləri təqdim
edilir. Əsərlərin hər biri orijinallığı, bədii üslubu ilə maraq doğurur.
Bir-birindən maraqlı, fərqli avanqard ideyaların hakim kəsildiyi bu
sənət əsərləri müasir Azərbaycan incəsənətinin özəlliyindən xəbər verir.
Orijinal zövqün, maraqlı düşüncənin, incə ruhun təcəssüm tapdığı
əsərlərin bir məkanda təqdim olunduğu bu sərgidə qeyri-ənənəvi ifadə
texnologiyaları diqqət çəkir.
Sərgidə, həmçinin müxtəlif illərdə
Venesiya Biennalesində Azərbaycanı təmsil edən rəssamların, eləcə də
xarici ölkələrdə yaşayan gənc fırça ustalarının, beynəlxalq nüfuzlu
tədbirlərdə iştirak edən sənət adamlarının əsərləri də nümayiş olunur.
Buradan aydın görünür ki, Heydər Əliyev Fondunun istedadlı gəncləri üzə
çıxarmaq istiqamətində reallaşdırdığı bu layihələr nəticəsində zəngin
Azərbaycan mədəniyyəti ilə yanaşı, ölkəmizin istedadlı gəncləri də
dünyada tanınır və qəbul edilir.
Bu orijinal sərgidə nümayiş
olunan əsərlər bir daha sübut etdi ki, incəsənətin imkanları sonsuzdur
və o, heç bir məhdudiyyət tanımır. Avanqard çalarlar ilə zəngin olan bu
sərginin ovqatı həm də onu təsdiqləyir ki, Azərbaycanda mədəniyyətə və
sənətə hər zaman böyük diqqət olmuşdur. Ölkəmizdə mədəniyyətin inkişafı
üçün daha münbit şəraitin yaradılması, mədəniyyət və incəsənət
nümayəndələrinin azad yaradıcılıq imkanlarının təmin edilməsi yolunda
müntəzəm tədbirlər həyata keçirilir.
Beləliklə, Parisdə açılan
sərgi Azərbaycan mədəniyyətinin və milli bənzərsizliyimizin nümayişi
üçün daha bir imkan oldu. Yüzlərlə xarici vətəndaş mədəniyyətimizin
zəngin və sehrli aləmini heyranlıqla seyr etdi. Aprelin 21-dək davam
edəcək bu genişmiqyaslı və müxtəlif istiqamətli sərgiyə göstərilən maraq
deməyə əsas verir ki, bu tədbirin uğuru Parisin mədəni həyatında geniş
əks-səda doğurdu və əsl hadisəyə çevrildi. Bu cür sərgilərin gələcəkdə
Moskva, Berlin, Roma, Nyu-York və Bakıda keçirilməsi nəzərdə
tutulmuşdur.
X X X
Sonra Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın adından sərgidə iştirak edən qonaqların şərəfinə
ziyafət verilmişdir. Ziyafətdə birinci xanım Mehriban Əliyeva və
Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran çıxış
etmişlər.
AzerTAc