İsmayıllı “Gənclər Paytaxtı” seçildi – FOTOLAR
2.2.2015

Azərbaycanda 2015-ci ilin “Gənclər Paytaxtı” seçilib. Yanvarın 24-dən www.genclerpaytaxti.az internet saytında keçirilən sorğu başa çatıb.

Nəticələrə əsasən, İsmayıllı şəhəri səs çoxluğu (56.1%) ilə “Gənclərin Paytaxtı” oldu.

Qeyd edək ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq 2012-ci ildən başlayaraq Proqramın icra müddəti ərzində hər il Bakı şəhəri istisna olmaqla ölkənin şəhər və rayonlarından biri “Gənclər Paytaxtı” elan olunur. “Gənclər Paytaxtı”nın seçimi regionlarda gənclərlə işin daha da canlandırılması və inkişaf etdirilməsi məqsədilə həyata keçirilir.

Azərbaycanın Gənclər Paytaxtı 1 il müddətinə seçilir. Seçildiyi müddət ərzində həmin şəhər (rayon) gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialını artırır. Gənclərin imkan və bacarıqlarının, yaranan ideyalarının reallaşdırılmasına, sosial problemlərinin həllinə daha böyük diqqət verir.


Oxu.az