Ürəyi qoruyan 7 qida məhsulu
2.2.2015

Ürəyin qayğısına vaxtında qalmaq, döyüntülərinə diqqətlə qulaq asmaq onun sahibinin borcudur. Axı o, istirahətsiz və fasiləsiz öz sahibini yaşadır. Bu həyati vacib funksiyanı yerinə yetirdiyinə görə heç olmasa ürəyimizi sevindirmək üçün onun sevdiyi qida məhsullarını rasionumuza daxil etsək o da bizlərdən imtina etməz.

1. Gününüzü dadlı və faydalı yulaf sıyığı ilə başlayın. Yulaf omeqa 3 yağ turşusu, kalium və fol turşusu ilə zəngindir. Həmçinin yulaf sıyığı sellülozla zəngindir ki, bu xolesterinin səviyyəsini aşağı salır və damarları təmizləyir.

2. Ürəyin sevdiyi qida məhsullarından biri qızıl balıqdır. Qızıl balıq da omeqa 3 yağ turşuları ilə zəngindir. Bu faydalı qida məhsulu qan təzyiqini aşağı salır, ürəyin fəaliyyətinə olduqca müsbət təsir göstərir. Müntəzəm olaraq qızıl balıqan istifadə edənlərdə ürək xəstəliklərinə tutulma riski üç dəfə az olur.

3. Sağlamlıq üçün bir çox faydaları olan avokado ürəyin ən sevimli meyvələrindən biridir. Avokado doymamış yağ turşuları ehtiva edir ki, bu da xolesterenin yüksəlməsinin qarşısını alır. Bu meyvə ürək damar xəstəlikləri ilə mübarizədə ən güclü təbii vasitələrdən biridir.

4. Zeytun yağı öz tərkibinə görə ürək xəstəliklərinin riskini azaldan ən faydalı qida məhsulları sırasındadır. Araşdırmalar zamanı aşkar olunub ki, hər gün zeytun yağından istifadə edən insanlar ürək problemlərindən daha az şikayətlənirlər.

5. Moruq, çiyələk, qaragilə, böyürtkən kimi giləmeyvələr ürək və onun sağlamlığı üçün faydalıdır. Zövqə görə bu giləmeyvələrdən heç olmasa biri qida rasionuna daxil edilərsə ürək bundan faydalanar. Bu giləmeyvələr təkcə ürək xəstəliklərinə deyil, həm də xərçəng xəstəliklərinə tutulma riskini azaldır.

6. Nar ürək xəstəlikləri üçün təbii dərmandır. O faydalı tərkibi ilə qanda xolesterenin səviyyəsini azaldır, qan dövranını normallaşdırır, ürək damarlarının aterosklerozuna mane olur, qanı durulaşdırır.

7. "Tanrıların qidası" adlanan xurmanın çoxsaylı faydalı xüsusiyyətlərindən biri də ürək əzələlərini qidalandırmasıdır. Ümumiyyətlə ürək xəstəliklərinin profilaktikası üçün xurma ən yaxşı vasitələrdən biri sayıla bilər.

Ürəyinizi qoruyun. Elə düşünməyin ki, o, təkcə sizə məxsusdur. Ürəyiniz naminə bu qida məhsullarına ürəklə pul xərcləyin ki, sonra apteklərdə ikiqat xərcə düşməyəsiniz.