Azərbaycanda ali məktəblərin magistraturalarına sənəd qəbuluna başlanıb
3.2.2015

Bu gündən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün respublikanın ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbuluna start verilib.

TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr fevralın 3-dən 12-dək TQDK-nın internet saytının müvafiq səhifəsinə (eservices.tqdk.gov.az/erizemag/erize) daxil olaraq şəxsiyyət vəsiqəsindən (seriyasından, nömrəsindən və PIN kodundan) və TQDK-nın virtual ödəmə kartındakı iş nömrəsi və şifrdən istifadə etməklə oradakı "Bakalavrın elektron ərizəsi" formasını doldurub, onu özü təsdiq edir. Virtual ödəmə kartını internet ödəmə və ya bütün mobil operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici ölkələrdə ali təhsil almış Azərbaycanın vətəndaşları imtahanda iştirak etmək üçün “Bakalavrın elektron ərizəsi” formasını doldurduqdan sonra tələb olunan sənədləri şəxsən təqdim etməklə elektron ərizələrini TQDK-da təsdiq etdirməlidirlər.

Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların ümumi intellektinin (məntiqi təfəkkürünün) inkişaf səviyyəsi, informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə onların seçdikləri qəbul proqramı əsasında ixtisas üzrə bilikləri yoxlanılır. Hər iki mərhələdə bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanın birinci mərhələsi fevralın 22-də keçiriləcək və bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürun) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq tipli 5), informatika üzrə 25 (o cümlədən açıq tipli 5) və xarici dil üzrə 25 (o cümlədən açıq tipli 5) test tapşırığı təqdim olunacaqdır. Birinci mərhələdəki nəticələri TQDK tərəfindən qoyulmuş minimal tələbləri ödəyən bakalavrlar proqram seçiminə buraxılırlar. Həmin bakalavrlar aprelin 1-dən 10-dək olan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər. İmtahanın ikinci mərhələsi aprelin 26-da keçiriləcək. Bu mərhələdə bakalavrların ixtisas üzrə bilikləri seçdikləri proqrama əsasən test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla yoxlanılacaqdır. Bir sıra qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə, yazılı imtahan verməlidirlər. Yazı işləri 50 ballıq şkala üzrə qiymətləndirilir. İmtahan suallarının cavablandırılmasına imtahanın birinci mərhələsində 2 saat 30 dəqiqə, ikinci mərhələsində isə 1 saat 30 dəqiqə vaxt ayrılır.

Qəbul imtahanı Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində keçirilir. Bakalavrın imtahan verəcəyi şəhər TQDK tərəfindən bakalavrın ərizəsində göstərdiyi faktiki yaşadığı məntəqəyə görə, bu məntəqə göstərilmədiyi halda, onun qeydiyyatda olduğu məntəqəyə görə təyin edilir.

APA