Zaqatalada Avropa Şurasının "Kiyev təşəbbüsü regional proqramı" çərçivəsində seminar-treninq keçiriləcəkdir
6.9.2011

Sentyabrın 6-dan 9-dək Zaqatala şəhərində Avropa Şurasının "Kiyev təşəbbüsü regional proqramı" çərçivəsində reallaşdırılan "Tarixi şəhərlərdə mədəni irsin bərpası" layihəsinin ölkə üzrə ilkin mərhələsinin ikinci seminar-treninqi keçiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirilmişdir ki, 4 gün davam edəcək tədbirdə nazirliyin əməkdaşlarının, layihədə Azərbaycan tərəfindən təmsil olunan 10 rayonun mədəni irs və şəhərsalma üzrə ixtisaslaşan mütəxəssislərinin, eləcə də Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii İrs Direktorluğundan dəvət edilmiş ekspertlərin iştirakı nəzərdə tutulmuşdur.
Məqsəd ölkəmizin regionlarında mədəni irs amilini əsas götürməklə mədəni turizm infrastrukturunun inkişafıdır. Avropa Şurası və Avropa İttifaqının birgə maliyyə dəstəyi ilə həyata keçirilən layihədə Azərbaycan ilə yanaşı, Ukrayna, Moldova və Gürcüstan da iştirak edir.