“İrəli” “Könüllü Kitabxana” istifadəyə verdi – Pulsuz kitablar əldə edin
6.2.2015

Bilmək tək başına yetərli deyil, paylaşmaq lazımdır!
Gün.Az xəbər verir ki, “İrəli” İctimai Birliyi cəmiyyətdə kitaba olan marağı artırmaq üçün “Könüllü Kitabxana” layihəsinə start verib.

Təşkilatdan bildirilib ki, “Könüllü Kitabxana”nın əsas məqsədi oxucuları kitablarla təmin etməklə yanaşı, oxucuların bir-biriləri ilə kitablarını bölüşməsini təmin etməkdir:

“Hər bir insan özünə və cəmiyyətə faydalı ola biləcək potensiala malikdir. Faydalı olmağa kitablarınızı bölüşməklə başlaya bilərsiniz. Kitabxanada müxtəlif janrlarda olan kitablar, əsərlər, jurnallar və Azərbaycan tarixini və mədəniyyətini əks etdirən kitablar mövcuddur. Kitabxanadan istifadə tam ödənişsizdir.

“Könüllü Kitabxana”dan yararlanmaq və kitabların daha çox insan tərəfindən oxunmasını istəyənlər öz kitablarını bizimlə bölüşə bilərlər.

Oxuyub, bəyəndiyiniz və digər insanlara da faydalı ola biləcəyini düşündüyünüz kitabları ofisimizin könüllü kitabxanasında yerləşdirə və digər könüllü istifadəçilər tərəfindən bəxş edilən başqa bir kitabla əvəzləyə bilərsiniz. Bunun üçün kitab və şəxsiyyət vəsiqənizlə birlikdə ofisimizə yaxınlaşmanız kifayətdir!”, - deyə “İrəli” kitab həvəskarlarına səslənib.

Gün.Az