"Bank VTB (Azərbaycan)" Azərbaycan Dövlət Rus Dram Teatrı ilə əməkdaşlığa başlayır.
Bankdan verilən məlumata görə, tərəflər arasında razılaşmaya əsasən, cari il ərzində bank bir sıra layihələrin reallaşmasında teatra dəstək olacaq.
Belə ki, mart ayında bank iki Moskva uşaq teatrlarının qastrollarına sponsorluq edəcək. Bu layihə çərçivəsində Novruz bayramı ilə bağlı tətil günlərində Rus Dram Teatrının səhnəsində uşaqlara iki musiqili tamaşa təqdim olunacaq.
Əməkdaşlıq çərçivəsində bank gələcəkdə həssas əhali qrupu üçün müxtəlif tamaşalara biletlər əldə etmək niyyətindədir. Beləliklə, "Bank VTB (Azərbaycan)" imkansız ailələrdən və uşaq evlərindən olan uşaqlara teatrı ziyarət etmək imkanı yaradacaq.
“Rus Dram Teatrı ölkənin aparıcı teatrlarından biridir. O, Azərbaycanda rus dilində tamaşaların yayılmasında böyük rol oynayır. Bizim bank mədəniyyətin, xüsusilə də teatr sənətinin inkişafının dəstəyinə böyük önəm verir”, - deyə bankın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.
APA